Dekabrın 19-da Gəncədə IV Beynəlxalq Şərab Festivalının açılışı olub. Tədbirə mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov, Milli Məclisin deputatları, Gəncə, Naftalan, Şəmkir, Tovuz, İsmayıllı şəhər və rayonlarının rəhbərləri, eləcə də Fransanın Bordo, Şampan, Alzas, Şable, Bolqarıstanın Varna, Gürcüstanın Kutaisi şəhərlərinin merləri, digər xarici ölkələrin nümayəndələri qatılıb.
Festivalın keçirilməsində məqsəd yerli şərab məhsullarını nümayiş etdirmək və xarici bazarlara çıxarılmasına dəstək verməkdir.
Əvvəlcə qonaqlar Gəncədəki Park-bulvar kompleksində təşkil olunan pavilyonlara baxıblar. Sərgidə Azərbaycan, Fransa, Bolqarıstan, Ukrayna və Moldovanın şərab istehsalı sahəsində tanınmış istehsalçıları öz məhsullarını nümayiş etdiriblər.
Qonaqlara Azərbaycan milli mətbəxinin müxtəlif təamları, növbənöv plovlar, qəlyanaltılar, şirniyyatlar və şərbətlər təqdim olunub.
Festivalın əvvəlində rəsmi şəxslərin çıxışları dinlənilib.
Sonra II Salxım dequstasiya müsabiqəsinin qalibləri mükafatlandırılıb. Bildirilib ki, müsabiqə IV Beynəlxalq Şərab Festivalı çərçivəsində Aqrar Universitetin Qida məhsulları mühəndisliyi və ekspertiza kafedrasında təşkil olunub.
Dequstasiyada beynəlxalq və yerli münsiflər tərəfindən Gəncə, Qəbələ, Şəki, Tovuz, Şəmkir, Ağsu, Göygöl və Abşerondakı müəssisələrin istehsalı olan 30 növ şərabın keyfiyyəti 16 münsif tərəfindən 100 ballıq sistem əsasında qiymətləndirilib. Qalib gələn istehsalçılar ayrı-ayrı nominasiyalar üzrə medallara layiq görülüblər. Festivalın Qran-prisi “Rübai” şərabına görə Ağsu şəhərində fəaliyyət göstərən “Az-Granata” MMC-yə təqdim olunub.
Dekabrın 20-də başa çatan festivalda, həmçinin kulinariya şousu, Gəncənin təndir çörəyi və yerli pendirlərin dequstasiyası da keçirilib.