Qusar rayon Mərkəzi kitabxanasında “Multikulturalizm ili”nə və 2016-cı ildə rayonun Azərbaycanın “Folklor paytaxtı” elan edilməsinə həsr olunmuş tədbir keçirilib.
İştirakçılar əvvəlcə mövzu ilə bağlı kitab sərgilərinə, milli mətbəx və folklor nümunələrinə baxış keçirib.
MKS-nin direktoru Zahir Mustafayev “Multikulturalizm ili”ndə kitabxanalarda həyata keçirilən tədbirlər haqqında danışıb.
Tədbirdə iştirak edən F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktor müavini, Əməkdar mədəniyyət işçisi Zahirə Dadaşova, xidmət şöbəsinin müdiri Könül Niftiyeva tərəfindən “Kitabxanalar multikulturalizm dəyərlərinin daşıyıcısıdır” mövzulu təqdimat olub.
Həmçinin “Folklor paytaxtı Qusar” mövzusunda metodiki vəsaitin çap və elektron versiyasının təqdimatı keçirilib.
YAP Qusar rayon təşkilatının sədri David İbramxəlilov, Heydər Əliyev Mərkəzinin direktoru Neva Aydəmirova və digər çıxış edənlər Azərbaycanda multikultralizmin ənənəvi yaşam tərzi olduğunu, Qusar rayonunda da müxtəlif millətlərin bir ailə kimi yaşadıqlarını vurğulayıblar.
Tədbirdə Qusar Dövlət Ləzgi Dram Teatrı aktyorlarının, İncəsənət məktəbi şagirdlərinin və fəal oxucuların ifasında ləzgi folklor nümunələri və şeirlər səsləndirilib.