Bu il “Molla Nəsrəddin” jurnalının tanınmış yazarlarından satirik şair, publisist Əli Razi Şəmçizadənin 130 yaşı tamam olur.
Əli Məşədi Yəhya oğlu Razi 1886-cı ildə Gəncə şəhərində dünyaya göz açıb. Atası və ulu babası şam hazırlayıb satmaqla məşğul olduğundan o da “Şəmçizadə” təxəllüsünü götürüb. İlk təhsilini ruhani mədrəsəsində alır, “Məktəbi-xeyriyyə” və “Rus-tatar” məktəblərində oxuyur, ərəb, fars və rus dillərini mənimsəyir. Onun ədəbi-ictimai xadim kimi yetişməsində Gəncə gimnaziyasının müəllimi Mirzə Məhəmməd Axundov və Abdulla Məmmədzadənin (Sur) xüsusi rolu olur.
Əli Razi erkən çağlardan ədəbi yaradıcılığa başlayır. İlk satirik şeirini “Molla Nəsrəddin” jurnalında (1906) dərc etdirir. Dərginin naşiri Cəlil Məmmədquluzadə onun yaradıcılığını yüksək qiymətləndirir. Bir müddət sonra “Molla Nəsrəddin”lə əməkdaşlığa görə təqib olunur. Lakin o, təhdidlərdən çəkinmir, nəşrlə əlaqəsini daha da möhkəmləndirir. Jurnalın əməkdaşları ilə görüşmək məqsədilə Tiflisə gedir. Şair sonralar bu barədə yazırdı: “...1906-cı ilin noyabrında Tiflisə getdim. Davidov küçəsini və 24 nömrəli evi axtarıb tapdım. Məni qapının ağzında C.Məmmədquluzadə qarşıladı. Birlikdə redaksiya otağına getdik. Orada Mirzə Ələkbər Sabir, Əliqulu Qəmküsar və Qurbanəli Şərifov ilə tanış oldum”.
“Molla Nəsrəddin”lə yaxından tanışlıq Əli Razinin dünyagörüşünə ciddi təsir göstərir. O, digər dövri mətbuat orqanları ilə əməkdaşlığa təşəbbüs göstərir. 1907-ci ildən “Bəhlul”, “Füyuzat”, “Kəlniyyət”, “Zənbur” kimi satirik nəşrlərlə əlaqələr qurur. Mətbuat səhifələrində mühitdəki eybəcərlikləri, saxta din xadimlərini satirik bir dillə tənqid edir. Şair bu səbəbdən 1915-ci ilin əvvəlində həbs edilir. Gəncədən Bakıya göndərilir. Ancaq əqidəsindən dönmür. “Tuti” jurnalı ilə əməkdaşlığa görə 1917-ci ildə bir daha həbs edilir və Dağıstana sürgünə göndərilir. Altı ay orada qalan şair Gəncəyə dönür.
Araşdırmalarda qeyd olunur ki, Tatarıstanda çıxan “Akmulla” adlı satirik jurnalda onun şeirlərinə yazılmış nəzirələr dərc olunub.
Əli Razinin əsərləri 1906-1937-ci illərdə nəşr olunmuş “Həyat”, “İrşad”, “Səda”, “İqbal”, “Açıq söz”, “Doğru söz”, “Kommunist” və s. qəzetlərdə, “Bəhlul”, “Zənbur”, “Tuti”, “Maarif və mədəniyyət” jurnallarında çap edilib. “Eşq və məhəbbət”, “İslam qiraətxanası”, “Yaman qardaş”, “Nalələrim”, “Fəğanlarım”, “Dabanıçatdaq xala və heyvərə” adlı kitabları işıq üzü görüb. Tədqiqatçılar N.Axundov, A.Zamanov şairin həyat və yaradıcılığı haqqında araşdırma aparıblar.
“Molla Nəsrəddin”in ən istedadlı əməkdaşlarından biri kimi tanınan şairin satiraları əsasında rəssamlar karikaturalar çəkib. “Molla Nəsrəddin” 1921-ci ildə Təbrizdə çap edilərkən C.Məmmədquluzadə orada da öz sadiq dostu Əli Razini soraqlayıb tapıb, onun əsərlərinə böyük ehtiyacı olduğunu bildirib...
Azərbaycanda sovet hakimiyyəti qurulandan sonra şair əsasən ictimai işlərdə çalışır. Bir müddət “Kommunist” qəzetinin Gəncə qəzası üzrə xüsusi müxbiri kimi fəaliyyət göstərir. 1932-ci ildə fars şairi Əbülqasım Firdovsinin 1000 illik yubiley tədbirlərinə qatılır. Onun “Şahnamə” əsərindən bir parçanı Azərbaycan dilinə tərcümə edir.
Əli Razinin ictimai, ədəbi-mədəni mühitdə aktivliyi yuxarı dairələr tərəfindən təqdir edilir. O, 1934-cü ildə SSRİ Yazıçılar İttifaqının birinci qurultayına dəvət olunur. Bundan sonra o, Azərbaycan Yazıçılar İttifaqı Gəncə şöbəsinin məsul katibi seçilir. Lakin 30-cu illər repressiyaları bir çox məşhur müasirləri kimi Əli Raziyə də ağır günlər yaşadır. 1937-ci ildə “Kommunist” qəzetində “Ədəbiyyatda bolşevizm” məqaləsində Əli Razi Azərbaycan Xalq Cümhuriyyətinin Əksinqilabla Mübarizə Təşkilatının ilk rəisi Məmmədbağır bəy Şeyxzamanovun ən yaxın dostu kimi qələmə verilir. O, milli qırğını qızışdırmaqda ittiham olunaraq həbs edilir, 1938-ci ildə güllələnir.
Savalan Fərəcov