Sonralar çox məşhur olacaq cavan yazıçı absurd sayıla biləcək ilk hekayəsini çap olunmaq üçün mötəbər bir jurnala gətirəndə ona belə sual verirlər: "Sənə qalsa, bomboş divardan da hekayə qəhrəmanı düzəldərsən". Yazıçı isə belə cavablandırır: "Əgər həmin divarı obraz kimi görsəm, yazaram".
   Yox, həmin gənc yazıçı əsərinin tamaşasından söz açacağımız Ejen İonesko deyil, başqasıdır. Amma əmin ola bilərsiniz ki, əgər təzə yazmağa başladığı zamanlarda da dünya şöhrətli yazıçıya, dünyada absurd teatrın yaradıcılarından birinə bu sualı ünvanlasaydılar, o, yəqin ki, buna oxşar cavab verəcəkdi. Həmin cavabı biz bilməsək də, müəllifin «Stullar» tamaşasının proqramında pyesin məğzi barədə yazdıqlarını tarix bizim üçün bu günədək qoruyub: «Bəzən dünya mənə mənasız, reallıq isə irreal görünür. Məhz bu, irreallıq duyğusudur... Mən bunu xaos içində çırpınan, qəlbində qorxudan, vicdan ağrısından savayı heç nə hiss etməyən... və öz həyatının mütləq boşluğunu dərk edən personajlarımın köməyilə çatdırmaq istəmişəm...».
   Haqqında çox eşitdiyimiz «Stullar»ı biz də gördük. Azərbaycan Teatr Xadimləri İttifaqının «Zəfər» studiyası «Stullar»ı Mustafa Mərdanov səhnəsində təqdim etdi. Tamaşanın quruluşçu rejissoru İlkin Mehdiyevin adı izləyicilərə çox söz deməsə də, ifaçılar tanınmış sənətkarlar idi: xalq artistləri Həmidə Ömərova, Rafiq Əzimov və Hacı İsmayılov. 
   Təsəvvür edin, kimsəsiz bir adada, suların üstündəki pilləkənli kiçik evdə iki nəfər yaşayır: 95 yaşlı Qoca (Rafiq Əzimov) və onun 94 yaşlı Qarısı (Həmidə Ömərova). Birlikdə 75 il yaşayan, ömrün qürubuna yaxınlaşdıqca ahıl cütlüyə elə gəlir ki, onların varlığını, deyəsən, təkcə insanlar yox, Allah da unudub. Qoca cavanlığında etdiyi səhvləri, doğma anasına qarşı laqeydliyin vicdan əzabını çəkir, Qarı isə övlad həsrətindən üzülüb. Amma neyləyəsən ki, həyat davam edir və bu həyatı nə tövrləsə bir qədər rəngarəng, maraqlı etmək lazımdır ki, bir-birinə oxşayan cansıxıcı günlər, pəncərədən görünən eyni dəniz mənzərəsi adamın ağlını başından almasın. Qarı Qocanın başını «mən təkcə sənin arvadın yox, həm də ananam» deyə qatır, Qoca özünü evinin «marşal»ı elan edir, ikilikdə evdəki bütün stulları bir otağa yığıb bir zamanlar tanıdıqları insanları guya qonaq çağırıb xəyali oyun qururlar. Yorulmaq bilməyən Qoca natiqlik edərək, guya bu dünyadakı «missiyasından» bəhs edir, amma bu missiyanın nə olduğunu izah edə bilmir. Qoca Natiqin yolunu gözləyir, ümid edir ki, onun qurduğu «sistemin» nədən ibarət olduğunu hər kəsə məhz Natiq çatdıra biləcək. 
   Natiq (Hacı İsmayılov) də özünü çox gözlətmir. Üzü maskalı Natiq səhnəyə çıxıb, anlaşılmaz sözlər deyərək salonu dolaşır, Qocanın xəyali qonaqlarına (əslində isə tamaşaçılara) arxasında Əzrayıl yazılmış öz şəklini vizit kartı əvəzinə paylayır. Bu gəliş həm də nə olduğu bilinməyən missiyanın sonudur. Qoca vəfalı Qarısı ilə birlikdə onların qonaq-qarasız, tənha adasını bürüyən dənizdə intihar edirlər. Beləcə, «missiya» başa çatır. 
   Məşhur pyeslərin tamaşaya qoyulması quruluşçu rejissoru kölgədə saxlayır. Çünki güclü dramaturji material əsərin hətta zəif quruluşunu da, maraqlı və fərqli yozumunu da arxa plana keçirir. Hərçənd bu deyilənlərin bədii rəhbəri Xalq artisti Azərpaşa Nemət olan «Stullar»a dəxli yoxdur. Lakonik quruluş, ifaçıların rejissor konsepsiyasını düzgün yerinə yetirməsi, özlərinin nə etdiklərinə, nəyi göstərdiklərinə inamı tamaşanın şəksiz uğurudur. Olsun ki, bəlkə də gənc rejissorlar mütləq Rafiq Əzimov, Həmidə Ömərova, Hacı İsmayılov kimi potensiallı və təcrübəli aktyorlar ilə işləməlidirlər ki, bir-birlərinin nəyə qadir olduğunu daha yaxşı hiss edə bilsinlər. Teatr və kinoda ən müxtəlif obrazlarda gördüyümüz üç aktyor isə «Stullar»da özlərini həm də absurd teatrın, ekssentrik üslubun mahir ifaçısı kimi göstərdilər. Mübaliğəyə oxşasa da, deməliyik, əlli ildən artıq səhnə stajı olan, müxtəlif obrazların uğurlu, milli dramaturgiyamızda isə onlarla obrazın ilk ifaçısı kimi tanınan Rafiq Əzimov indiyədək «Stullar»dakı Qoca qədər çılğın və qeyri-adi obraz oynamayıb. Mizanların kifayət qədər çevik qurulmasını, Qocanın mətninin də çox olduğunu nəzərə alsaq, qocaman aktyorun səhnə hərəkətinə, yaddaşına, çevikliyinə, yorulmadan oynamasına həsəd aparmaq olar. Bu sətirlərin müəllifi öz teatr seyrçisi stajı boyunca Azərbaycan səhnəsində ahıl aktyorun bu qədər enerjili çıxışına ikinci dəfə şahid olurdu. Birinci qibtə doğuracaq təəssüratı Xalq artisti Nodar Şaşıqoğlu S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında «Kral Lir» tamaşasında baş rolun ifası ilə yaratmışdı. 
   * * *
   «Stullar» çox uğurlu bir tamaşadır. Bu tamaşanı xarici ölkələrdə, beynəlxalq teatr festivallarında göstərməyə dəyər. Cavan rejissorun quruluş verdiyi, təcrübəli və yaşlı aktyorların gənclik şövqünün və istedadının təzahürü təkcə Teatr Xadimləri İttifaqının miniatür səhnəsinə sığınıb qala bilməz. «Stullar»a meydan gərək! 
   
   Gülcahan