Dekabrın 25-də Azərbaycan uşaq ədəbiyyatının tanınmış nümayəndəsi, şair, naşir, Prezident təqaüdçüsü İlyas Tapdıq 82 yaşında vəfat edib. Həmin gün Təzəpir məscidində mərhumla vida mərasimi keçirildi. Mərasimdə Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq yazıçısı Anar, ədəbiyyat və mədəniyyət xadimləri, mərhumun ailə üzvləri iştirak edirdi.
Yazıçı-dramaturq Firuz Mustafa çıxış edərək Azərbaycan ədəbiyyatına itki üz verdiyini dedi. Bildirdi ki, İlyas Tapdıq ötən yüzilliyin ikinci yarısından uşaq ədəbiyyatının inkişafı və zənginləşməsinə töhfələr verib.
Qeyd olundu ki, şair 1934-cü ildə Gədəbəy rayonunda dünyaya göz açıb. Orta məktəbi müvəffəqiyyətlə başa vurduqdan sonra indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsində təhsilini davam etdirib. 40-a yaxın kitabı işıq üzü görüb. Şairin “Bulaq başında”, “Gözlər”, “Bir eşqin şimşəyi”, “Arxalı dağlar”, “Meşənin mahnısı” və s. kitabları oxucular tərəfindən böyük rəğbətlə qarşılanıb. Onu oxucuya sevdirən əsərlərindəki müdriklik və sadəlikdir. Görkəmli bəstəkarlar onun şeirlərinə musiqi bəstələyiblər.
Vida mərasimində çıxış edən AYB-nin katibi İlqar Fəhmi bildirdi ki, İ.Tapdıq ədəbi yaradıcılığa erkən çağlardan maraq göstərib. Tələbə ikən “Azərbaycan” jurnalında “Bakının gecəsi” şeiri dərc olunub. “Uşaqgəncnəşr”də, “Azərnəşr”də redaktor, böyük redaktor, “Gənclik” nəşriyyatında böyük redaktor, redaksiya müdiri, baş redaktor, Azərbaycan Baş Mətbuat Müvəkkilliyində qrup rəhbəri, Azərbaycan Televiziya və Radio Verilişləri Komitəsində baş redaktor, “Azərnəşr”də bədii ədəbiyyat şöbəsinin müdiri vəzifələrində çalışıb. İ.Tapdıq maraqlı və məhsuldar yaradıcılıq yolu keçib.
Şairlər Dəmir Gədəbəyli, Oqtay Rza, yazıçı Əfqan Əsgərov və başqaları çıxış edərək mərhumla bağlı xatirələrini bölüşdülər. Qeyd edildi ki, şairin ürəyəyatan poeziyası Azərbaycan uşaq ədəbiyyatının ən gözəl incilərindəndir. Onun poeziyasının əsas bir məziyyəti də xalq yaradıcılığından bəhrələnməsidir.
Şairin ailə üzvləri adından kürəkəni Kamandar Eyvazlı çıxış edərək mərasim iştirakçılarına minnətdarlığını bildirdi.
Sonra mərhum Badamdar qəbiristanlığında həyat yoldaşının yanında dəfn olundu.
Savalan Fərəcov