Layihənin növbəti seminarı keçirilib
   
   Binəqədi Rayon İcra Hakimiyyəti, rayon Gənclər və İdman idarəsi və Azərbaycan Xalça Muzeyinin birgə təşkilatçılığı ilə "Xalçaçılıq sənətini yaşat və təbliğ et" adlı layihənin növbəti seminarı keçirilib.
   Tədbiri rayon Gənclər və İdman idarəsinin əməkdaşı Ülviyyə Usubova açaraq bildirib ki, xalçaçılıq xalqımızın mədəniyyət tarixində özünəməxsus yer tutub və tarixən böyük inkişaf yolu keçib.
   Azərbaycan Xalça Muzeyinin əməkdaşı, layihənin koordinatoru Fuad Rəsul layihənin mahiyyəti barədə məlumat verib. O bildirib ki, layihənin məqsədi ölkəmizin bütün bölgələrində Azərbaycan xalqının sevə-sevə yaşatdığı, əsrlər boyu qoruduğu qədim sənət növü olan xalçaçılıq tarixinin öyrənilməsi, unudulmaqda olan xalça sənətinin dirçəlişi və gənc nəsillərə təbliğ olunmasıdır. 
   Xalça Muzeyi Şuşa filialının müdiri Səbinə Əzizova Qarabağ və Təbriz qrupuna aid olan xalça və xalça məmulatları haqqında məruzə ilə çıxış edib, gəncləri maraqlandıran sualları cavablandırıb. Həmçinin, "Xilas olunmuş eksponatlar" adlı jurnal gənclərə təqdim olunub.
   Qeyd edək ki, layihəni uğurla başa vuran gənclərə sertifikat təqdim olunacaq.