Dekabrın 22-də “Milli Net 2016” müsabiqəsinin qalibləri elan olunub. Mərasimdə Milli Net Təşkilat Komitəsi adından Azərbaycan İnternet Forumunun (AİF) prezidenti Osman Gündüz çıxış edərək bildirib ki, bu il müsabiqəyə 11 nominasiya üzrə 303 internet resurs təqdim olunub. Münsiflərin dəyərləndirməsinə görə, 2-ci səsvermə prosesinə 74 nominant keçib və onların arasından ən yaxşıları seçilib.
   O, müsabiqəyə dəstək verən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə, “Delta Telekom”, “BestComp” və digər şirkətlərə minnətdarlığını bildirib. Vurğulanıb ki, 4 ay davam edən müsabiqənin şəffaf və ədalətli keçirilməsi istiqamətində bütün imkanlardan istifadə edilib.
   Sonra ayrı-ayrı nominasiyalar üzrə 1-3-cü yerləri tutan internet resursları elan edilib. “Mədəniyyət, incəsənət və turizm saytları” nominasiyası üzrə Mədəniyyət və Turizm Nazirliyinin təsisçiliyi ilə nəşr olunan “Mədəniyyət.AZ” jurnalının “medeniyyet.info” saytı qalib seçilib.
   Mərasimdə dövlət və özəl sektorun, ictimai təşkilatların və media qurumlarının nümayəndələri iştirak edib.