O, ali məktəbə yeddi ildən sonra daxil olub
   
   Əməkdar rəssam Asif Azərelli Azərbaycanın tanınmış fırça ustalarındandır. 70 yaşlı rəssam bu gün də coşqun yaradıcılıq ehtirasıyla çəkir, yaradır. Onunla Bayıldakı emalatxanasında görüşüb söhbətləşdik. Buranın havası və görünüşü yaradıcı insan üçün əsl ilham qaynağıdır: Xəzər ovuc içi kimi görünür, dəniz insan xəyalını sonsuzluğa qədər aparır. 
   Asif müəllim burada 1989-cu ildən yaşayır, evinin alt qatında özü üçün emalatxana yaradıb. Emalatxanada diqqəti daha çox müxtəlif ölçülü tablolar, rəssamlığa aid albom, kitab, palitra və s. cəlb edir. Söhbətə lap əvvəldən başlayırıq, yəni Asif müəllimin dünyaya və rəssamlığa gəlişindən: “1946-cı ildə Bərdə rayonunun Uğurbəyli kəndində doğulmuşam. Rəssamlığa uşaqlıqdan həvəsim vardı. Bu həvəs məni ovaxtkı Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə gətirdi, 1970-ci ildə məktəbi əla qiymətlərlə başa vurdum. Təhsildən sonra Bərdəyə qayıtdım, orada həm yaradıcılıqla məşğul olur, həm də rəsm müəllimi işləyirdim. Ən böyük istəyim rəssamlıq üzrə ali təhsil almaq idi. Düz yeddi il bu istəyin dalınca ovaxtkı Mədəniyyət və İncəsənət İnstitutunun Rəssamlıq fakültəsinə gəlsəm də, qəbul oluna bilmədim”.
   Asif müəllim deyir ki, yalnız sənətinə olan sonsuz sevgi onu 7 il istəyinin əsirinə çevirib: “İxtisas imtahanlarından qiymətlərim yüksək olurdu. Məni həmişə ədəbiyyat üzrə şifahi imtahandan kəsirdilər. Bir dəfə müəllim məndən “müctəhid” sözünün anlamını soruşdu, “din alimidir” dedim. Razılaşmadı. Sonda gördüm ki, burada istəyimə yetə bilməyəcəyəm. Ona görə 1974-cü ildə sənədlərimi götürüb Gürcüstandakı Tbilisi Rəssamlıq Akademiyasına yollandım. Orada ixtisasdan 6 imtahan verib hamısından beş aldım. Sonra rus dilində yazılı imtahan oldu. Açığı, bu imtahandan kəsilmək qorxusu vardı. Ancaq rektor ixtisasdan yüksək qiymətlər aldığımı görüb məni akademiyaya qəbul etdi”.
   Asif müəllim burada təhsil aldığı illərdə özünü bilikli tələbə və yaradıcı rəssam kimi doğruldub. Onun diplom işi Baykal-Amur magistralı ilə bağlı olub. Rəssam bu mövzuda 4 əsər yaradıb. Yaratdığı bu əsərlərə görə, 1980-ci ildə birbaşa SSRİ Rəssamlar İttifaqına üzv qəbul olunub. Həmin il Tbilisi Rəssamlıq Akademiyasını əla qiymətlərlə bitirib. Onu akademiyada müəllim saxlamaq istəyiblər: “Hətta deyirdilər ki, bir gürcü qızıyla ailə qurarsan, sənə hər cür şərait yaradarıq. Amma mən Azərbaycana qayıtdım”.
   Müsahibim Bakıya qayıtdıqdan sonra bir təsadüf nəticəsində 7 il ardıcıl kəsildiyi Mədəniyyət və İncəsənət İnstitutunda dərs deməyə başlayıb: “SSRİ Xalq rəssamı, mərhum Mikayıl Abdullayev bir sərgidə “Qoca qarabağlı” əsərimi görüb çox bəyənmiş, məni görmək istəmişdi. Görüşdük, o vaxt kafedra müdiri işləyən Mikayıl müəllim məni instituta dərs deməyə dəvət etdi. Beləcə müəllimlik fəaliyyətinə başladım. Günlərin birində dəhlizdə neçə illər öncə məndən ədəbiyyatdan şifahi imtahan götürən müəllimi gördüm. Məni tanımırdı, burada müəllim işlədiyimi dedim, ondan “müctəhid nədir?” sualına cavab verməyi xahiş etdim. O, “din alimi” - deyə bildirdi. Dedim ki, bəs mən sizə belə cavab verəndə imtahandan niyə kəsirdiniz? Pərt oldu...”
   1990-cı illərdə hər sahədə olduğu kimi rəssamların da dolanışığı çox çətin idi. Belə günlərdə Asif müəllim də dolanışıq dalınca qardaş Türkiyəyə yollanır: “İstanbulda bir adamla tanış oldum. Məndən işimin, qalmağa yerimin olub-olmadığını soruşdu. Dedim ki, mənə rəssamlıqdan başı çıxan bir adam tapsın. O da gedib kiməsə dedi, bir adam gəldi. Soruşdu ki, doğrudanmı rəssamsan? “Hə” dedim. Bir nəfər adamı qarşıma əyləşdirdilər, şəklini çəkdim. Həmin şəxs işlərimlə tanış olandan sonra bir rəsmimi götürüb apardı. Bir azdan gəldi və bütün işlərimi alacağını və mənimlə çalışacağını bildirdi. Sonra o, məni Bosfor boğazı sahilindəki evinə gətirərək söylədi ki, burada qalım. Həmin adam hər gün mənim üçün sifarişlər tapıb gətirir, mən də çəkirdim. Sonra bir gün dedi ki, beynəlxalq sərgi keçiriləcək, istəyirəm sən də iştirak edəsən. Əsərlərimdən də bir neçəsini sərgi üçün seçdi. Sərgidə əsərlərimlə çox maraqlanırdılar. Qalereyaçı da cavab verdi ki, rəssam Azəri elindəndir. Bu söz xoşuma gəldi və “Azərelli” sözünü özümə yaradıcı imza olaraq götürdüm”. 
   Asif müəllimin Qarabağ hadisələri ilə bağlı silsilə əsərləri var. Bu əsərlərdə xalqımızın başına gətirilən dəhşətləri təxəyyülünün və fırçasının gücüylə tamaşaçılara çatdırır. İrihəcmli “Cıdır düzü” əsəri insanı xəyalla gerçəklik arasında qoyur: “Azərbaycanın çox yerini gəzmişəm. Qarabağı, özəlliklə Şuşanı çox sevmişəm. Şuşa qalası, Cıdır düzü, Daşaltı çayı həmişə xəyalımdadır. Vaxtilə Şuşada Cıdır düzü mənzərələrini işləmişəm. Yaradıcılığımda tarixi mövzular ayrıca yer tutur. Keçmiş dövrü işləyəndə sanki mən də o çağlara gedir, hadisələrin iştirakçısı oluram”. 
   A.Azərellinin Qarabağ mövzusunda yaratdığı tablolardan biri Xocalı soyqırımına həsr olunmuş sərgi-müsabiqədə ilk yeri tutub: “Həmin əsərdə düşmən tapdağı altında qalan maddi-mənəvi dəyərlərimizi təsvir etmişəm. Şəklin yuxarı küncündə düşmən tankları, həlak olmuş xocalı sakinləri, qətlə yetirilmiş ana-bala, əsas hissədə Azərbaycanın mənəvi mədəniyyət nümunələri - vaxtilə Xocalıda tapılmış saxsı qab parçaları, pərdəsi cırılmış tar, yarıya bölünmüş kamança, sındırılmış qaval, yerə atılmış Füzulinin kitabı, fotoşəkillər təsvir olunub”. 
   Rəssamın yaradıcılığında portret janrı ayrıca yer tutur. Bu əsərlərdə rəssam obrazların inandırıcı oxşarlığını verməyə çalışır, sanki onları danışdırmağa nail olur. Ən məşhur əsərlərindən biri “Dədə Qorqud” portretidir. Bu əsər ölkəmizdə Dədə Qorqud obrazı olaraq daha çox qəbul olunur. Hazırda Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dosenti olan A.Azərelli öz bilik və bacarığını gənc nəslə öyrədir, onların içərisində ümidverici tələbələrin olduğunu deyir. 
   
   S.Qaliboğlu