Prezident İlham Əliyev dekabrın 27-də “Azərbaycan Respublikasında turizmin inkişaf etdirilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” fərman imzalayıb.
Fərmanla yeni yaradılan Azərbaycan Respublikasının Turizm Şurası haqqında Əsasnamə və Azərbaycan Respublikası Turizm Şurasının tərkibi təsdiq olunub.
Sənəddə Mədəniyyət və Turizm Nazirliyinə ölkənin turizm potensialının daha da artırılmasını və beynəlxalq səviyyədə tanıdılmasını təmin edən “Milli Turizm Təbliğat Bürosu” publik hüquqi şəxsi üç ay müddətində yaratmaq və publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərini həyata keçirmək tapşırılıb. Qeyd olunur ki, “Milli Turizm Təbliğat Bürosu” publik hüquqi şəxsin saxlanması və fəaliyyətinin təmin edilməsi xərcləri onun fəaliyyətindən əldə edilən gəlirlər (o cümlədən aldığı kreditlər, qrantlar, habelə işlərin görülməsindən, xidmətlər göstərilməsindən daxilolmalar və s.) hesabına maliyyələşdirilir.
Nazirlər Kabinetinə Azərbaycan Respublikası Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək tapşırılıb.