“ASAN viza”nın yaradılması əslində bir zərurət idi. Çünki biz çalışırıq ki, Azərbaycana daha çox turist gəlsin. Həm ölkəmizi tanısın, həm də ölkəmiz haqqında düzgün məlumat alsın. Eyni zamanda, bu, ölkə iqtisadiyyatına da böyük töhfədir. Həm hotellər, həm də ictimai yerlər işləyir, deməli, ölkəmizə valyuta gəlir.
Prezident İlham Əliyev bu sözləri dekabrın 28-də Bakıda 1 saylı “ASAN kommunal” Mərkəzinin açılışında çıxış edərkən deyib.
Azərbaycana gəlmək üçün viza almağın vaxtilə böyük problem yaratdığını qeyd edən dövlətimizin başçısı deyib: “Vizalarla bağlı vəziyyət bizi qane edə bilməzdi. Azərbaycana gəlmək üçün insanlar gərək aylarla növbə tutaydılar, gedib başqa şəhərlərdə bizim səfirliklərdə, konsulluqlarda növbədə dayanaydılar, hələ onlara viza verilib-verilməyəcəyi bəlli deyildi. Ona görə bu məsələni birdəfəlik həll etmək üçün “ASAN viza” yaradıldı və indi istənilən vətəndaş üç gün ərzində Azərbaycana gələ bilər”.
Prezident qeyd edib ki, bu il Azərbaycana gələn turistlərin sayı təxminən 10 faiz artıb. 2017-ci ildə bu proses daha da sürətlə gedəcək.