Azərbaycan Dövlət Musiqili Teatrı İranda keçiriləcək 35-ci Fəcr Beynəlxalq Teatr Festivalına dəvət olunub. Kollektiv Təbriz şəhərində baş tutacaq festivalda iştirak etmək üçün yanvarın 13-dən 18-dək qonşu ölkədə səfərdə olacaq. Festivalda Üzeyir Hacıbəylinin “Ər və arvad” ikihissəli musiqili komediyası nümayiş etdiriləcək.
Teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev bildirib ki, bu dəvət kollektiv üçün əsl Yeni il hədiyyəsi oldu. O diqqətə çatdırıb ki, bugünkü Azərbaycan Dövlət Musiqili Teatrının əsası 1910-cu ildə “Ər və arvad” tamaşası ilə qoyulub və ötən müddətdə əsər müxtəlif quruluşlarda təqdim olunub.
Hazırkı tamaşanın quruluşçu rejissoru Yusif Əkbərov, quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, səhnə tərtibatçısı Əməkdar rəssam Eldar Qurbanov, quruluşçu baletmeysterləri Yelena və Zakir Ağayevlərdir. Rolları Xalq artisti İlham Namiq Kamal, əməkdar artistlər Nahidə Orucova, Ələkbər Əliyev, Əkbər Əlizadə və başqaları ifa edirlər.