2016-cı il Qurban Səidin məşhur “Əli və Nino” romanı əsasında həm yeni bədii filmin, həm də teatr tamaşasının ərsəyə gəlməsi ilə yadda qaldı.
Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Multikulturalizm ili” çərçivəsində səhnələşdirilmiş “Əli və Nino” tamaşasının premyerası dekabrın 24-də oldu. Əsərin səhnə variantını Valentina Reznikova qələmə alıb.
Ötən əsrin əvvəllərində Azərbaycanda baş verən hadisələr, Bakının o dövrdəki mədəni və ictimai həyatı fonunda azərbaycanlı əsilzadə Əli və gürcü knyaginyası Ninonun məhəbbətindən bəhs edən tamaşaya rejissor İlqar Safat quruluş verib.
Baş rolları Rüfət Nəzərov, Murad Məmmədov və Həcər Ağayevanın ifa etdikləri səhnə əsəri tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.