“Ay gözləri mərcan”, nə yuxu, nə yatmaq?! Haydı, daha bərkdən, daha həyəcan!..
   
   Hə, ay o uzunluqda çıxışı cəmisi ikicə hərflə - “q”-“u” səslərilə orfoepiyalaşan qəpqəşəng, upultra ev quşu! Qoy sənin təcəssümlədiyin ilin də yalnız pipiyi qan olsun, tətiyi yox...
   Ey ən tezdən duran! Qoy ehtiva etdiyin ilin də tezduranları quranlar olsun, qıranlar yox...
   Ay qışqırıb-banlayan! Qoy dünyanın ən zərif zili hesab edilən səsin yeni illərin və əbədi sülhün yaylım atəşlərindən savay, hərbin bütün “hərif” bəmlərini batırsın!..
      
   Hər səhər ən tezdən oyan, ən bərkdən səslən və ən ilkin xəbərlən ki, daha biz neçə ildir əsrin hər dindirişinə dinir, halal torpağımız naminə qatılmalı olduğumuz məlum savaşda isə “açılan toplara diksinməyiriz...” 
   Üstəlik, indilər biz bir neçə məsələdə, “göydə balonlarla uçan” əcnəbilərdən heç də geri qalmır və onlardan da bərkgedən avtomobillər miniriz. Mədəniyyət-medialıqda, infra-irfanlıqda brend göstərilərimizin sayı, muskulluqda qızıl medallarımızın hesabı, tolerantlığımızın tayı, multikulturallığımızın bənzər-bərabəri isə yox... 
   Və nə yaxşı ki, biz səndən əvvəlki oyunbazdan - enerjilərin baş qəhrəmanını qiymətdən, manatımızı dəyərdən, inflyasiya-devalvasiya karuselini taqətdən salan Meymun ilindən də sağ-salamatlıqla çıxa bildik. 
   Amma... bu heyvanat obezyanların zillət ilindən çıxsaq da, onların “cəmadat” adaşlarının “milləti-illət”i hələ də qalmaqda... 
   Neynək, “Quq-qulu” bəy! İnşallah, bu il, bizdən ayrıldığın 2005-dən bəri yığıb gücürlədiyin səsinlə elə banlarsan ki, səsin gedib avro-amerikalı həmkarlarına da çatar. Əvvəlcə bir mərcan-məccanicə hal-əhvallaşarsız. Sonra, biz əhli-zatın siz məxluqata mehri-münasibətindən, “gəlirdim kənddən, səs verdi bənddən”, “Xoruzun banlasın!”, “xoruzquyruğu çay”, “xoruz döyüşdürmə” (hələ uzun illər radio-televiziyamızda adınızı andıran “Xoruz baba” verilişi!) kimi sayğıları barədə ları-ları curraşın. Daha sonra öz ikicəsəsli leksikonunuzca bunu da konuşun ki, illərdir bizim aydın insan məntiqilə izahlarımıza baxmayıb, “humanist”lə “cumanist”ə fərq qoymayan o Amerika Birləşik Dövlətinin heç olmasa dilçiləri “yumurtası tərs gəlməklikdən” yana dayanmadan qaqqıldayan toplumu ilə bəxti düz gətirməsə də, qüruruna xələl gətirməməkçün qanundan qıraq heç bir səs çıxarmayan milləti arasında problemə çevrilmiş “Qara” və “bağ” söz birləşməsinin fərqinə varsınlar.
   Nəysə, “xoruz baba”, səninlə birgə, ümumən, ilk gəliş tarixi bilinmədən gəlişən “yeni il”liyə -
   
   Qısaca “giriş”
    
   Hər biri düz 365 gün köhnəlməyən yenilik. Xronoloji kəmiyyəti artdıqca sosioloji, kulturoloji keyfiyyəti, sivilizasion məziyyətləri çoxalan yenilik. Məmləkətlərin hansındasa az, hansındasa çox. Amma nəticə etibarilə fərqi yox; hamısı Dünyanın vahid mədəniyyət cildinə, bəşəri-sosial büdcəsinə! Bu cild və büdcədə Azərbaycan imzasının və kisəsinin dəyər-əyar görkü üçünsə ən son “Yeni il”lərimizin görkəmli nəticələrini göstərmək kifayət.
   Dünyanın təvəllüd tarixi, doğuluş hadisəsi haçansa başlamış ilk an-gün-ay-illə bağlı. O “ilk”lər bizimçün nə qədər qaranlıq, qeyri-müəyyən olsa da, haçansa olub. Yəni gərək o, doğula ki, tarix də o bünövrə üstündə inşalanmağa başlaya. İbtidai insan ayılıb-aliləşə ki, növbəti əlamətdar hadisələri, olayları da qutlayıb yeni bayramlar yarada bilə. Deməli, tarixin ilk ilindən üzü bizə və bizdən üzü gələcəyə gəlib-gedən bütün illərin hər biri yeni olay, yeni hadisə, köhnəldikcə yenilənən yeni bayram. Hər biri yeniliklər saça-saça, elmlər, mədəniyyətlər, hikmətlər, mütəfəkkirlər yarada-yarada nimdaşlaşıb-yeniləşən, bəşəriyyəti ilbəil daha aktiv beyinləşdirib-yeyinləşdirən, üzü arxaya arxaikləşdirib, yönü qabağa sivilləşdirən dayanıb-durmaz, qarşısıalınmaz bir ilahi lokomotiv! Dörd “fəsil-qatar”lı, hər biri 12 “ay-vaqon”lu, 52 “həftə-kupe”li, 365 “gün-stansiya”lı, 8760 “saat-sərnişin”li. Deyirəm, bəlkə bu əbədi “lokomotiv”in yerdə qalan iki “atribut”unu - 525 min 600 dəqiqə və 3 milyon 153 min 600 saniyəsini də hərə öz təbirincə obrazlaşdırsın? Məsələn, məncə, müvafiq olaraq terrorçularına və terakt qurbanlarına... 
   Deməli, nə?.. 
   Hər şeydən öncə, bugünlər 25 illik müstəqillik sevincimizi qutlamaqda olan 50 milyonluq soydaşlarımızın - Dünya Azərbaycanlılarının nəbzilə döyünəsi bir düha misraları: “Turana qılıncdan daha kəskin, ulu qüvvət - Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət!..
   Və bir az da -
   
   Birbaşa mətləbiyyət
   
   Öncə, Xoruz illəri (bir az geri, bir az irəli): 1933 - 1945 - 1957 - 1969 - 1981 - 1993 - 2005 - 2017 - 2029... 
   Yazırlar ki, bir qədər tünd xasiyyətli Xoruz hər gəlim-dönəmində uca səslə öz ilinin parlaq və sürprizlərlə dolu olacağından xəbər verir. Şərqdə belə hesab edilir ki, Xoruz ili ümumilikdə hadisələri çətinləşdirməyən, öz yolu ilə gedən, öz firavanlığı uğrunda vicdanla çalışan, sözündə və əməlində sadiq olan bütün insanlar üçün əlverişli olacaq.
   2017-ci ilin 28 yanvarında Meymun ilini əvəz edəsi, münəccimlərin fikrincə, tarixən işıq-nur, oyanış xüsusiyyətləri daşıyan Xoruz 2017-ci ildə də orijinal və enerji ilə ləbaləb olacaq. Himi düzgün qoyulmuş və bugünədək dəqiq idarə olunmuş layihələr ən böyük mükafatlarını məhz bu il əldə edəcəklər. 
   Daha çox, işıq, nur ifadələrilə ahənglənən Xoruz ili - yəni üzümüzə gələn il od ünsürünə təhvil olunur. Bu isə o deməkdir ki (əlbəttə, mütəxəssislərə görə), öz həyatımızın qaranlıq tərəflərindən azad olub işıq saçmaq, uğura və çiçəklənməyə mane olan problemlərdən xilas olmaq üçün çoxlu şansımız var. 
   “Xoruz və başqaları” təsnifatı da xeyli maraqlıdır. Məsələn, Siçan ilində doğulanları nəzərəçarpacaq maliyyə uğurları, Öküz illiləri gözlənilməz, lakin sehrli açarla daha çox uğura açılası sürprizlər, Pələngləri dərdlərini əsl sədaqət nümayiş etdirənlərlə bölüşmə, Əjdahaları müxtəlif sahə irəliləyişləri, xoş xəbərlər, firavanlıqlar, İlanları maraqlı karyera imkanları, Atları parlaq şəxsi nailiyyətlər, Keçiləri yaxın dostların yaxşı məsləhətləri, Meymunları sevindirici şəxsi həyat dəyişiklikləri, özlərini - yəni Xoruzları hər şeydə özünü ev sahibi kimi hissetmə azadlığı, Dovşanları - bəzi hazıranazırlıqlarla yanaşı, zəruri çətinliklərdən cəld qaçışlar, Qabanları səbr və inadkarlıq məziyyətlərindən doğan iş və maliyyə riskləri, İt ilində doğulanları şəxsi məsələlərə xüsusi diqqətayırmalar.
   Ev heyvanlarının lideri olan Xoruzun ilində doğulan insanlar da “çox qürurlu”, “özündən əmin”, “təkəbbürlü” qisminə aid edilir. Şüarları: “Sədaqətlilik”, “Səmimilik”. Hər zaman həqiqəti deyər, verdikləri sözü tutar, daim qarşılıqlı hörmət gözləyər, mənfi cəhətlərinin ortaya çıxmasından utanarlar. Müşahidə qabiliyyətləri güclü, hər işi detalınadək incələyəndilər və hətta “çiynində də gözü var” deyiminin əsas səbəbkarı da onlardır. 
   Həm də xeyli sosial, ən iddialı işləri bacarmaq qabiliyyətinə malik, diqqət mərkəzində olmağı, təqdir edilməyi, təriflənməyi sevən “buil”lilər çox zövqlü, şıq geyinməyi bacaran, birinin köməyə ehtiyacı olduqda dərhal ora qaçan cəsurlar kimi də hallandırılırlar.
   Belə bir elmi fikir də var ki, bu təşər ev heyvanı öz bariton banlartısıyla hər dəfə ətraf həmkarlarına belə bir elan verir: “Mən burdayam, aaa!..” 
   
   Tahir Abbaslı