“Azərbaycan iqtisadiyyatı öz dayanıqlılığını saxlaya bilmişdir, aparılan iqtisadi islahatlar gələcək inkişafımız üçün çox gözəl perspektivlər açır”
   
   Bütün çətinliklərə baxmayaraq, Azərbaycan 2016-cı ildə də inamla inkişaf etmişdir. Qəbul etdiyimiz qərarlar, xüsusilə ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində atılmış addımlar öz nəticəsini verəcəkdir. Eyni zamanda, biz ixracın şaxələndirilməsi istiqamətində çox önəmli addımlar atmışıq. Çünki neft gəlirlərinin aşağı düşməsi nəticəsində bizim valyuta gəlirlərimiz azalıb və biz qeyri-neft ixracının inkişafı ilə bu boşluğu bərpa edə bilərik.
   Prezident İlham Əliyev bu sözləri Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına televiziya müraciətində deyib.
   Dövlət başçısı bildirib ki, 2016-cı il ölkə iqtisadiyyatı üçün ən ağır illərdən biri olub: “Azərbaycan iqtisadiyyatı dünya iqtisadiyyatının bir parçasıdır. Dünyada isə iqtisadi böhran 2016-cı ildə davam etmişdir. Bundan əlavə, neftin qiymətinin dünya bazarlarında üç-dörd dəfə aşağı düşməsi nəticəsində gəlirlərimiz kəskin şəkildə aşağı düşmüşdür. Belə bir vəziyyətdə biz ancaq ciddi islahatlar apararaq vəziyyətdən çıxış yolunu tapa bilərdik və buna nail olduq.
   Azərbaycan iqtisadiyyatı öz dayanıqlılığını saxlaya bilmişdir, iqtisadi sabitlik təmin edilmişdir və bu il aparılan ciddi və hərtərəfli iqtisadi islahatlar gələcək inkişafımız üçün çox gözəl üfüqlər, perspektivlər açır. Onu da qeyd etməliyəm ki, bütün çətinliklərə baxmayaraq, ölkəmizin qeyri-neft sənayesi bu il 5 faiz, kənd təsərrüfatı isə 2 faizdən çox artmışdır. Biz bu il valyuta ehtiyatlarımızı qoruya bilmişik. Bu da çox mühüm məsələdir. Çünki bizim iqtisadi potensialımız, maliyyə resurslarımız həm iqtisadi, həm siyasi müstəqilliyimizi müəyyən edir”.
   Prezident vurğulayıb ki, 2016-cı ildə bütün sosial proqramlar artıqlaması ilə icra edilib: “Köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində yeni qəsəbələr, şəhərciklər salınmışdır. Əhalinin pul gəlirləri, - baxmayaraq ki, 2016-cı il böhranlı ildir, - 7 faiz artmışdır, orta əməkhaqqı isə 9 faiz artmışdır”.
   Dövlət başçısı 2016-cı ildə Azərbaycanın beynəlxalq mövqelərinin daha da möhkəmləndiyini deyib: “Bizim dostlarımızın sayı artıb, bizi istəməyən qüvvələr, bizə qarşı vaxtaşırı kampaniyalar aparan qüvvələr isə siyasi səhnədən gedirlər. Azərbaycan beynəlxalq təşkilatlarda böyük uğurlar qazana bilmişdir. Xüsusilə İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı çərçivəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çox vacib sənədlər qəbul edilmişdir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli xarici siyasətimizin əsas prioritetidir. Deyə bilərəm ki, bizim siyasi və diplomatik mövqelərimiz il ərzində daha da möhkəmlənmişdir. Qondarma “Dağlıq Qarabağ” qurumunu heç bir ölkə tanımır və tanımayacaq. Münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Bunun başqa yolu yoxdur. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi icra edilməlidir. Status-kvonun qəbuledilməzliyi haqqında artıq həm bu məsələ ilə bağlı fəaliyyət göstərən həmsədr ölkələrin prezidentləri, eyni zamanda, ATƏT və digər qurumların rəhbərləri dəfələrlə bəyanatlar vermişdir”.
   Qeyd olunub ki, 2016-cı il Qarabağ müharibəsində şanlı hərbi qələbə ili kimi tarixdə qalacaq: “1994-cü ildən bu günə qədər ilk dəfə idi ki, Azərbaycan işğal edilmiş torpaqların bir hissəsini işğalçılardan azad etmişdir. Aprel ayında erməni silahlı təxribatının qarşısını alaraq bizim ordumuz düşmənə sarsıdıcı zərbələr vurmuş və işğal edilmiş torpaqların bir hissəsini azad etmişdir. Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının minlərlə hektar torpağı işğalçılardan azad edilmişdir. Aprel döyüşləri bizim tarixi qələbəmizdir. Bu qələbə münaqişənin həllini yaxınlaşdırır”.
   Prezident bildirib ki, 2016-cı ildə bizim böyük idman qələbəmiz də olub. Rio Olimpiya Oyunlarında idmançılarımız 18 medal qazanıb. Azərbaycan bir daha sübut etdi ki, Azərbaycan idman dövlətidir və Azərbaycan idmançıları güclülərin sırasındadır. Medalların sayına görə Azərbaycan dünya miqyasında 14-cü yerdədir. 
   2016-cı ildə enerji təhlükəsizliyi istiqamətində də önəmli addımlar atılıb. “Cənub Qaz Dəhlizi” Azərbaycanın təşəbbüsü və böyük maliyyə dəstəyi ilə icra edilən qlobal, beynəlxalq enerji layihəsidir. Layihə icra olunandan, bütün işlər başa çatandan sonra Azərbaycan çox böyük mənfəət görəcəkdir. 
   Prezident daha sonra deyib: “Biz nəqliyyat təhlükəsizliyi istiqamətində tarixi addımlar atmışıq. Bildiyiniz kimi, uzun illər davam edən Şərq-Qərb nəqliyyat dəhlizinin icrası artıq başa çatır və Şimal-Cənub nəqliyyat dəhlizinin istifadəyə verilməsi istiqamətində Azərbaycan çox önəmli addımlar atmışdır. Demək olar ki, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin Azərbaycan tərəfinə düşən payı üzrə görüləcək işlər artıq görülübdür. Biz qısa müddət ərzində bütün işləri başa çatdırdıq və beləliklə, gələcəkdə əlavə səylər qoyaraq çalışacağıq ki, bu iki önəmli magistral tezliklə işə düşsün”.
   2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” kimi tarixə düşdüyünü vurğulayan dövlət başçısı il ərzində ölkəmizdə bir çox mötəbər beynəlxalq tədbirlər keçirildiyini diqqətə çatdırıb: “Azərbaycan bir daha dünyaya sübut etmişdir ki, müxtəlif dinlərin, millətlərin, etnik qrupların nümayəndələri bir ölkədə, bir səma altında rahat, ləyaqətlə yaşaya bilərlər. Azərbaycan multikulturalizm ideyalarının dünyada təbliği işində müstəsna rol oynayan bir ölkədir”.
   Prezident müraciətinin sonunda bütün həmvətənlərimizə, dünya azərbaycanlılarına ən xoş arzularını çatdırıb. Bildirib ki, dünyada yaşayan soydaşlarımızın arxasında möhkəm, güclü Azərbaycan dövləti dayanır.