Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının əməkdaşları son 25 ildə Azərbaycanın keçdiyi yolu işıqlandıran elektron resursu yeniləyərək istifadəçilərin ixtiyarına təqdim edib.
Azərbaycan, rus və ingilis dillərində tərtib edilən “Müstəqil Azərbaycan” adlı elektron resurs 8 fəsildən ibarətdir. “Sosial-iqtisadi inkişaf” adlı fəsildə müstəqillik illərində ölkəmizdə bu sahədə görülən işlərə aid analitik materiallar “Sənaye”, “Kənd təsərrüfatı”, “Neft strategiyası”, “Regionların sosial-iqtisadi inkişafı”, “Təhsil”, “Mədəniyyət”, “Turizm” və s. başlıqlar altında verilib.
“Tədbirlər” adlı fəsildə Azərbaycanın dövlət müstəqilliyinin ildönümləri ilə bağlı xarici ölkələrdə keçirilən tədbirlərə və beynəlxalq konfranslara aid materiallar öz əksini tapıb. “Fotoqalereya” bölməsi müstəqil Azərbaycan Respublikasının keçdiyi tarixi yolu fotoların dili ilə özündə əks etdirir.