2017-ci ilin 28-30 sentyabr tarixində V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası öz qapılarını kitabsevərlərin, naşir və müəlliflərin üzünə açacaq. Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən sərginin əsas məqsədi ölkədə kitaba, mütaliəyə marağın daha da artırılması, Azərbaycan oxucusunun yerli və xarici nəşr məhsulları ilə yaxından tanışlığı, eyni zamanda yerli və xarici nəşriyyatlar, kitab evləri arasında yeni əməkdaşlıq imkanlarının yaradılmasıdır. Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası 2009-cu ildən iki ildə bir dəfə təşkil olunur. Budəfəki sərgidə 150-dən çox yerli, 30-dan artıq xarici nəşriyyat, kitab evi və digər təşkilatların iştirakı gözlənilir.
Kitab bayramı çərçivəsində dünyanın müxtəlif nəşriyyat-poliqrafiya müəssisələrinin çap işləri nümayiş olunacaq, tanınmış müəlliflərlə görüşlər, təqdimatlar, ədəbi-işgüzar müzakirələr keçiriləcək.