Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda Azərbaycanın tanınmış rəssamları ilə görüş
Dekabrın 30-da Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Azərbaycanın bir sıra tanınmış rəssamları ilə görüşüb.
Günay Əfəndiyeva rəssamlara Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu barədə məlumat verib, türkdilli dövlətlərin mədəniyyətinin və irsinin mühafizəsinin, tanıdılmasının Fondun əsas məqsədlərindən olduğunu bildirib. Eyni zamanda türk dünyasının incəsənət adamlarının, sənətkarların, rəssamların yaradıcılığının təşviq edilməsinin qurumun fəaliyyət istiqamətlərindən biri olduğu vurğulanıb.
Görüşdə iştirak edən rəssamlar Fondun fəaliyyətinin türk dünyasının mədəniyyətinin qorunması və təbliği üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıblar.
Söhbət zamanı əməkdaşlıq perspektivləri, o cümlədən gələcəkdə türk dünyasına xas rəsm əsərlərinin toplanacağı bədii sərgilərin keçirilməsinə, kitab və kataloqların nəşr edilməsinə dair maraqlı fikir mübadiləsi aparılıb.
Görüşdə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu və Beynəlxalq Muğam Mərkəzi tərəfindən 2017-ci il üçün hazırlanmış təqvimlər rəssamlara təqdim edilib.