“Sulu boyada qeyri-adilik var. Bu texnika çox dərindir və çətindir. İşlədikcə, axtardıqca onun incəliklərinə yiyələnmək olur” 
   
   Bölgələrdə yaşayan sənətkarlarımızı oxucularımıza tanıtmağa davam edirik. Belə sənətkarlardan biri də Naxçıvanda yaşayan tanınmış rəssam Sabir Məmmədovdur. 
   
   S.Məmmədov 1954-cü ildə muxtar respublikanın Babək rayonunun Nəzərabad kəndində anadan olub. Üçüncü sinifdə oxuyarkən rəsmlə maraqlanıb: “Uşaq vaxtından rəsm çəkirəm. Rəssamların yaradıcılığı həmişə mənim üçün maraqlı olub. Yaşadığımız evin arxasından çay axırdı, yağış yağanda oradan gur sel gələrdi. Çay daşanda köhnə yatağını yuyub aparar, onu yeni görkəmə salardı. Bu mənzərə məni heyrətləndirərdi. Çayın gətirdiyi palçıqdan cürbəcür fiqurlar düzəldərdim. Məndə sənətə həvəs belə yarandı”. 
   Rəssam hələ orta məktəbdə oxuyarkən yaşıdları arasında özünü rəssam kimi tanıda bilib: “Sənətkar ailəsində böyümüşəm. Atam tanınmış dülgər olub. Mən də dülgərliyi az-çox öyrənmişdim. Orta məktəbi bitirəndən sonra Bakıya yollandım, keçmiş Razin (indiki Bakıxanov - red.) qəsəbəsindəki peşə məktəbinə daxil oldum. Orada rəssamlığın, mis üzərində döymə sənətinin sirlərini öyrəndim. Oranı bitirdikdən sonra hərbi xidmətə getdim”. 
   Müsahibim bildirir ki, rəngkarlıq və heykəltəraşlıq həmişə onun diqqət mərkəzində olub. Bu baxımdan o, özünü heç vaxt yaradıcılıqdan qıraqda hiss etmir: “Rəssamlıq sonsuz bir sənətdir. Onun hər sahəsi mənə doğmadır. İstər heykəltəraşlıq, istər misgərlik, istərsə ağacoyma olsun - bunların hamısının özülündə rəssamlıq durur”. 
   Sabir müəllimin yaradıcılığının böyük bir hissəsini metal üzərində işləmələr tutur. O, gənc yaşlarından bu işlə məşğul olur, mis və alüminium üzərində gözəl əsərlər yaradır. İndiyədək o, 300-dən artıq əsər yaradıb: “Dədə Qorqud obrazını mis üzərində bəlkə 15 variantda işləmişəm. Metal üzərində xalqımızın bir çox qəhrəmanlarının obrazlarını yaratmışam. Onların hər birinin xarakterik cizgilərini mis üzərində vermək çox çətindir. Xalq qəhrəmanlarına, tarixi abidələrimizə müraciət eləmişəm, klassik şairlərimizin şeirlərinə illüstrasiyalar çəkmişəm. Maraqlı işlərimdən biri Məmməd Arazın “Dünya” şeirinə çəkdiyim əsərdir. Buna necə nail olmuşam, tamaşaçılar deyə bilər”.
   Sabir müəllim rəssam olmasına baxmayaraq, musiqi və poeziyanı da dərindən duyur. Gitarada gözəl mahnılar ifa edir, şeir oxumağı çox sevir: “Musiqini, muğamlarımızı, poeziyanı çox sevirəm. İşləyən zaman hökmən musiqiyə qulaq asıram. Gənc xanəndə Mirələm Mirələmovun ifasını çox bəyənirəm. Rəssam gerçəklikdən kənara çıxmasa, yarada bilməz. Yaradıcılıq zamanı başqa bir dünyaya baş vurmaq qaçılmazdır, yoxsa sənət yaranmaz”. 
   Rəssam doğulub yaşadığı Naxçıvan torpağını çox sevir, doğma yurdun hər qarışını gəzərək onları əsərə çevirir. S.Məmmədov sulu boya ustasıdır. Onun bu sahədə ayrıca istedadı var. Bu texnika öz çətinliyi ilə seçilir. Rəssam bu yaxınlarda Bakıdakı Xətai Sənət Mərkəzinin təşkil etdiyi Respublika akvarel müsabiqəsində II yerə layiq görülüb: “Sulu boyada qeyri-adilik, fantastiklik var. Bu texnika çox dərindir və çətindir. Həm yorucudur, həm də imkanları genişdir. İşlədikcə, axtardıqca onun incəliklərinə yiyələnmək olur”. 
   S.Məmmədov deyir: “Rəssamın yaratdığı ən balaca cızma-qara belə tarixdə qalır. Bütün ömrümü sənət üçün yaşamışam, bundan sonra da xalqım üçün layiqli sənət yaradacağam”.
   
   S.Qaliboğlu