Özbəkistandakı səfirliyimizin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) “Azərbaycan qızları” rəqs ansamblının rəhbəri, Azərbaycanın Əməkdar artisti Kövkəb Əliyeva mədəniyyətimizin təbliği sahəsində xidmətlərinə görə Mədəniyyət və Turizm Nazirliyinin “Fəxri mədəniyyət işçisi” döş nişanı ilə təltif edilib. Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev döş nişanını Kövkəb Əliyevaya təqdim edib, ona yaradıcılığında uğurlar arzulayıb.
Gənc soydaşlarımıza Azərbaycanın rəqs sənətini öyrətdiyinə görə qürur hissi duyduğunu söyləyən K.Əliyeva xaricdə yaşayan həmvətənlərimizə göstərilən diqqət və qayğıya görə təşəkkürünü bildirib.
Qeyd edək ki, 80 yaşının tamam olmasına baxmayaraq, bu gün də K.Əliyeva xalqımızın zəngin mədəniyyətini təbliğ edir. Onun fəaliyyəti Özbəkistan dövləti tərəfindən də yüksək qiymətləndirilib, dəfələrlə müxtəlif mükafatlara layiq görülüb.