Dekabrın 29-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunda görkəmli ədəbiyyatşünas alim, filologiya elmləri doktoru, professor Əli Sultanlının anadan olmasının 110 illiyinə həsr edilən elmi sessiya keçirilib.
İnstitutun direktoru, AMEA-nın vitse-prezidenti, Milli Məclisin deputatı, akademik İsa Həbibbəyli görkəmli alimin elmi fəaliyyətindən, ədəbiyyatşünaslığın inkişafında xidmətlərindən söz açıb. Bildirilib ki, Qərbi Avropa ədəbiyyatının tədqiqi, tədrisi və nəşri sahəsində əvəzsiz xidmətləri olan Ə.Sultanlı xarici ədəbiyyat fənni üzrə Azərbaycan dilində ilk dərslik və müntəxəbatların müəllifidir. Görkəmli alim “Antik ədəbiyyat tarixi”, “Roma ədəbiyyatı müntəxəbatı”, “Antik ədəbiyyatı müntəxəbatı” dərsliklərinin, “Azərbaycan dramaturgiyasının inkişaf yolları”, “Nizami və Qərbi Avropa ədəbiyyatı” və digər sanballı əsərlərin müəllifidir. O, Azərbaycan alimləri arasında ilk dəfə 1939-cu ildə xarici ölkələr ədəbiyyatı sahəsində filologiya elmləri namizədi, 1946-cı ildə isə filologiya elmləri doktoru alimlik dərəcəsi alıb. Ə.Sultanlı, eyni zamanda ali məktəblərimiz üçün ilk Qərb və dünya ədəbiyyatı kurslarının yaradıcısıdır.
Akademik İ.Həbibbəyli qeyd edib ki, görkəmli alimin yaradıcılığında əsas yeri “Azərbaycan dramaturgiyasının inkişaf yolları” əsəri tutur. Ə.Sultanlı bu əsərdə ilk dəfə milli dramaturgiyanın elmi tarixini qələmə alıb. Ayrı-ayrı icmal və oçerk şəklində yazılmış əsər bu gün də ədəbiyyatımızın ən dəyərli nümunələrindəndir.
Tədbirdə professor Zaman Əsgərlinin “Əli Sultanlının həyat və yaradıcılığı”, institutun Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin əməkdaşı Leyla Ramazanovanın “Əli Sultanlının müqayisəli ədəbiyyatşünaslıqda xidmətləri” mövzularında məruzələri dinlənilib.
Çıxış edənlər uzun müddət Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) fəaliyyət göstərmiş, Azərbaycan dramaturgiyasının tədqiqatçısı, dünya ədəbiyyatının görkəmli nümayəndələrinin təbliğatçısı olan Əli Sultanlının səmərəli elmi yaradıcılığından söz açıblar.