Bakı Xoreoqrafiya Akademiyasında “Multikulturalizm ili” çərçivəsində layihənin yekun tədbirləri
   
   2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili” elan olunması ilə əlaqədar Bakı Xoreoqrafiya Akademiyasının (BXA) həyata keçirdiyi “Azərbaycan - yurdum mənim” layihəsinə “Azərbaycan - yurdum mənim” rəqs-tamaşası və elmi-praktik konfransla yekun vurulub.
   Dekabrın 26-da Azərbaycan Dövlət Musiqili Teatrında nümayiş olunan “Azərbaycan - yurdum mənim” rəqs-tamaşasında ölkəmizdə yaşayan xalqların 17 rəqs nümunəsi yer alıb. Tamaşanın xoreoqrafları BXA-nın müəllimləri Kamilə Əliyeva, əməkdar artistlər Səbinə Qasımova, Sənan Hüseynli, Xalq artisti, Prezident mükafatçısı Yusif Qasımovdur. Rəqs-tamaşada akademiyanın tam orta, orta ixtisas, bakalavr və magistratura pillələrinin tələbələri iştirak edib. 
   27 dekabrda BXA-da təşkil olunan “Multikulturalizmin Azərbaycan modeli: tarix, mədəniyyət və incəsənət” mövzusunda IV Respublika elmi-praktik konfransında elm və yaradıcılıq işləri üzrə prorektor, Əməkdar incəsənət xadimi, professor Sonaxanım İbrahimova akademiyanın fəaliyyəti və “Multikulturalizm ili” çərçivəsində görülən işlər barədə məlumat verib. 
   Konfransın plenar iclasında AMEA-nın müxbir üzvü, Tarix İnstitutunun direktoru, millət vəkili Yaqub Mahmudov, AMEA-nın müxbir üzvü, Folklor İnstitutunun direktoru Muxtar İmanov, Tarix İnstitutunun direktor müavini, professor Cəbi Bəhramov, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun direktor müavini, dosent Xəzər Zeynalov məruzələrlə çıxış ediblər. Konfransda BXA-nın professor-müəllim heyəti, kafedra müdirləri, tələbələr, magistrantlar iştirak edib.