Uzun illər unutdurulmağa çalışılmış “Türk dünyasının məşhurları”ndan Rəşid xan Qaplanov
   
   Bu odlu-alovlu qumuq oğlu haqda çox hərarətli fikirlər deyilib ki, onlardan birini yazımın başlığına çıxardım. Rəşid xan bu sözləri tələbəliyində qazanıb. Sorbon Universitetində (Paris) təhsildəykən tanış olub dostlaşdığı (sosialist əqidəli) Cəlaləddin Qorxmazovun xatirələrindəki fikirlərdən biri kimi tarixə düşüb bu rəy. O xatirələrdə ömrünü vətən və millət yolunda şam kimi əritmiş, lakin uzun illər xidmətləri layiqincə qiymətləndirilməmiş, bilərəkdən unutdurulmağa cəhd edilmiş böyük türk oğullarından biri olaraq təqdim edilir Rəşid xan Qaplanov.   
   Sovetlər dönəmində adı ötər-keçərgi hallarda çəkilən qumuq xalqının görkəmli siyasi və mədəniyyət xadimi, hər fürsət-cəhddə milli dövlət adamı olmağa çalışmış, tale “göndərişi” ilə Bakıya da gəlib, Azərbaycan Xalq Cümhuriyyətinin nazirlərindən biri olmuş Rəşid xan Zabit xan oğlu Qaplanov 1885-ci ildə qumuqların o zamankı mədəni mərkəzlərindən olan Yaxsayda (hazırda bu kənd Dağıstan Respublikasının Xasavyurd rayonuna aiddir) anadan olub. 
   Rəşidin bölgənin ən nüfuzlu, varlı-hallılarından olmuş nəsli də “çar Rusiyasının siyasi girinə keçənlərdən” - işğal etdiyi bölgələrdə yerli hakimlərin övladlarını “təlim-tərbiyə” adı ilə möhkəm nəzarətli “çar məntəqələrinə aparılıb girov saxlananlardan” (çarın mühafizə alayında xidmət etmiş görkəmli qumuq alimi, Peterburq Universitetinin adlı-sanlı professoru Məhəmməd əfəndi Osmanov və onun atası kimi) olub. Rəşidin atası Zabit xan çarın xüsusi, əmisi Əbu Müslim isə Qafqaz canişininin mühafizə alayında xidmət edərək polkovnik rütbəsinədək yüksəlmişdilər. 
   Kiçik bir mədrəsədən başlanan -
   
   Böyük ictimai-siyasi yol
   
   Mükəmməl “ev-eşik tərbiyəsi” almış Rəşid xan ilk təhsilinə Yaxsaydakı mədrəsədə başlayır. Hələ evdə ikən valideynlərinin cəlb etdiyi xüsusi müəllimlər hesabına rus, fars, ərəb, fransız dillərini də öyrənməyə başlamış bu bacarıqlı oğlan o dövrün ən yaxşı təhsil müəssisəsi sayılan Yaxsay mədrəsəsində bütün ətrafının diqqətini çəkir. Məlumat kimi qeyd edək ki, bu mədrəsəni bitirən çoxsaylı alim, ictimai-siyasi xadim, dövlət adamı, şair, yazıçılar arasında xalqımızın böyük maarifçi-şairi Seyid Əzim Şirvani də vardır. Təhsilini o dövrdə Şimali Qafqazın mədəni mərkəzi sayılan Vladiqafqazdakı gimnaziyada davam etdirən Rəşid xanın “gələcək yolu”, sözün hər iki mənasında, bir az da yüksək-yuxarılanır. Belə ki, gimnaziyanı bitirdikdə atası onu (Rusiya hərbi məktəbində oxutduğu kiçik oğlu İbrahim xandan fərqli olaraq) “sahib Rusiya”nın Peterburq və ya Moskva şəhərlərindəki ali məktəblərə yox, Parisin Sorbon Universitetinə göndərir. Tədqiqatçıların fikrincə, bu məsələdə Rəşidin atasına (sonralar həm də özünə) qardaşı Əbu Müslümün oğlu Əhməd Səidin təsiri olmuşdur. Axı Ə.Səid də Rusiyada kadet korpusunu bitirdikdən sonra burada böyük perspektivləri olsa da, 1888-ci ildə Osmanlı təbəəliyini qəbul etmiş, Sədrəzəm Qazi Ə.M.Paşanın yavəri olmuş və onun Misir valiliyi dövründə (1899-1902) Qahirədə “Sancaq” adlı qəzet nəşr etmişdi. 
   Sorbon Universitetinin Hüquq fakültəsində təhsil almaqla yanaşı, bu əcnəbi ölkənin ədəbi-mədəni mühitində fəal iştirak edən Rəşid Parisdəki gənc türklərlə tez-tez görüşlər, siyasi yığıncaqlar keçirir, doğma vətənilə bərabər, Osmanlı dövlətinin geridəqalma səbəblərini monarxiya sistemində gördüyünü açıq-aydın bəyan edir, fransız sosialistlərin təsirilə yaxın ətrafını mövcud idarəetmənin ləğvinə, respublika sisteminə keçid, konstitusiyaların dəyişdirilməsi və s. kimi həlli çox çətin ideyalara səsləyir. Nəbzi xalqının milli sabahı ilə döyünən bu gənc - xan, bəy nəslindən olmasına baxmayaraq, cəmiyyətdə sosial ədalətə üstünlük verən (lakin bolşevizm ideyalarından çox fərqli) insanlarla daha çox qaynayıb-qarışır.
   1910-cu ildə universiteti bitirən Rəşid “ürəyinin ən xoş və ən yaralı döyüntüsü Yaxsa”ya, ona “dünya gözü bəxş etmiş” Vladiqafqaza deyil, məhz İstanbula gedir. Bunun bir səbəbi də Parisdə olarkən tez-tez görüşüb, milli-mənəvi fikir mübadilələri etdiyi “Gənc türklər” təşkilatı üzvlərinin əksəriyyətinin Osmanlı dövlətində rəhbər vəzifələrdə olmaları ilə bağlı idi. Hələ Parisdən dostluq etdiyi, 1909-cu ildə İstanbulda ilk rusdilli türk mətbuatının (“Stambulskie novosti”) əsasını qoymuş C.Qorxmazov, Misirdən dönərək İstanbulda yenidən mətbuat sahəsində və universitetin professoru kimi fəaliyyət göstərən əmisi oğlu Əhməd Səid də onların arasında idi. Rəşidi də universitetdə işə götürürlər, lakin üç il sonra o, atasının təkidilə vətənə dönməli olur. 1917-ci ilin fevralınadək Vladiqafqazda məhkəmə sistemində çalışır. 
   1917-ci ilin martında Vladiqafqazda Birləşmiş Dağlıların Müvəqqəti Mərkəzi Komitəsi yaradılır, may toplantısında Şimali Qafqaz və Dağıstan Dağlıları İttifaqı, sentyabr qurultayında (Abxaziyanın da İttifaqa qatılmasından) Şimali Qafqaz, Dağıstan və Abxaziya İttifaqı adlandırılır. Qurultayda qumuqların, qaranoqayların və Stavropol quberniyası türkmənlərinin nümayəndəsi kimi iştirak edən Rəşid xan Qaplanov dil və din fərqlərini də aradan qaldırmaq amacı ilə “dağlı” ideologiyasını irəli sürür və rəhbərlik etdiyi qrup ittifaqın siyasi platforma, proqram və konstitusiyası kimi mühüm sənədlərinin hazırlanmasında böyük işlər görür.
   
   Nəhayət, Azərbaycan...
   
   1917-ci ilin dekabrından 1918-ci ilin martınadək Terek-Dağıstan hökumətinin sədri (və xarici əlaqələrin rəhbəri), iki ay sonra birləşmiş Şimali Qafqaz Dağlıları Respublikasının parlament üzvü, dekabrdan isə daxili işlər naziri kimi fəaliyyət göstərmiş R.Qaplanov hökumət istefa verdikdə ağqvardiyaçılarla əməkdaşlıq edən yeni kabinetdə iştirakdan imtina edərək Bakıya gəlir. Burada ətrafına olduqca yüksək təsir bağışlayan Rəşid xan Nəsib bəy Yusifbəylinin başçılıq etdiyi hökumətdə xalq maarifi və dini etiqadlar naziri təyin edilir. 
   Azərbaycanda ilk universitetin açılmasında, xarici universitetlərdə təhsil almaq üçün hərtərəfli hazırlığa malik tələbələrin seçilib göndərilməsində, ümumtəhsil məktəbləri şəbəkəsinin genişləndirilməsində Rəşid xan misilsiz xidmətlər göstərir. Tədqiqatlarda onun Azərbaycan tədris-təhsilindəki fəaliyyətilə əlaqədar, ADU-nun (BDU) yaradılmasındakı mövqe və mübarizə əzmi xüsusi vurğulanır. Belə ki, o, müxtəlif yön və yönümlü 1919-cu ilin Azərbaycanda universitet açmaq üçün uyğun dövr olmadığını söyləyən parlament üzvlərinə çox sərt cavablar verərək, bu işi bircə gün belə ləngitməyi böyük günah sayır. Onun fikrincə, universitet yalnız tədris deyil, daha çox milli-mənəvi mərkəz kimi fəaliyyət göstərməli, buradakı elmi personal Azərbaycanı öz qədim tarixi, mədəniyyəti, zəngin yeraltı və yerüstü sərvətləri ilə dünyaya tanıtmalıdır. Universitet işə başladıqda isə o, kadr çatışmazlığını nəzərə alaraq, “dövlət işləri başından aşıb-daşsa da” Osmanlı tarixi və ədəbiyyatından özü dərs deyir. 
   Bolşeviklər Azərbaycanı işğal etdikdən az sonra (iyun 1920) Rəşid Qaplanov həbs edilir. Həmin vaxt Bakıya gələn Stalin M.Ə.Rəsulzadə ilə birlikdə Rəşid xan Qaplanovu da həbsdən azad etdirir. Moskvaya getməli olan Rəşid xan Qaplanov RSFSR Xalq Maarifi Komissarlığında çalışır, Şərq Zəhmətkeşləri Universitetində, Moskva Şərqşünaslıq İnstitutunda orta əsrlər və yeni dövr türk tarixi üzrə mühazirələr oxuyur. 1930-cu ildə o yenidən həbs edilib, fəaliyyətində cinayət tərkibi olmadığına görə azadlığa buraxılsa da, 1937-ci ildə yaxın dostları və məsləkdaşları kimi onu da həbs edərək dekabrın 10-da güllələyirlər. 
   ...Maraqlıdır, bu keçmiş “xalq düşməni”nin oğlu (poçt indeksi ilə tanınan məxfi şəhərciklərdən birində) S.P.Korolyovun rəhbərliyi altında çalışan Murad Kaplanov “Molniya-1” adlı raket qurğularının hazırlanmasında xüsusi xidmətlərinə görə iki dəfə SSRİ Dövlət mükafatına layiq görülüb... 
   
   Tahir Abbaslı