“İçəri şəhər” Hindistanda, “Dərs” Banqladeşdə nümayiş olunacaq
   
   “İçəri şəhər” bədii filmi Hindistanın Puna şəhərində keçiriləcək 15-ci Beynəlxalq film festivalının “Dünya kinosu” bölümünə dəvət alıb. Festival 12-19 yanvar tarixində keçiriləcək.
   Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında lentə alınan “İçəri şəhər” filmi indiyədək Misirdə (Qahirə), Hindistanda (Qoa), Estoniyada (Tallin) festivallarda nümayiş olunub. Baş rolun ifaçısı Təhminə Rafaella Türkiyədə 5-ci “Van gölü” Beynəlxalq Film Festivalının “Ən yaxşı aktrisa” mükafatına layiq görülüb.
   Psixoloji dram janrında lentə alınan filmin ssenari müəllifləri Təhminə Rafaella və İlqar Safat, quruluşçu rejissoru İlqar Safat, quruluşçu operatoru Luka Koassin, quruluşçu rəssamı Bütünay Haqverdiyev, icraçı prodüseri Ülvi Qasımov, prodüseri Müşfiq Hətəmovdur.
   Rolları Firdovsi Atakişiyev, Mehriban Zəki, Elmira Şabanova və digərləri canlandırıblar.
   * * *
   Rafiq Əliyev və Cavid Təvəkkülün “Dərs” bədii filmi isə Banqladeşin paytaxtı Dəkkədə yanvarın 12-dən 20-dək keçiriləcək 15-ci Beynəlxalq film festivalının “Uşaq filmləri” bölümünə dəvət alıb.
   “Dərs” tammetrajlı bədii filmi Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Azərbaycanfilm” kinostudiyasında lentə alınıb. Filmin ssenari müəllifləri Elza Ağayeva və Anastasiya Volkova, quruluşçu operatoru Rauf Qurbanəliyev, quruluşçu rəssamı Fikrət Ələkbərov, bəstəkarı Tünzalə Ağayeva, icraçı prodüseri Vüsal Abbasov, prodüseri Müşfiq Hətəmovdur. Rolları Tamerlan Ağayev, Aliyə Əliyeva, Rəşid Əliyev, Ayna Zərbəliyeva, Nazim İbrahimov, Mənsurə Əhmədova və digərləri oynayırlar.