Xalça Muzeyində regional seminar keçiriləcək
   
   Yanvarın 25-də Azərbaycan Xalça Muzeyində “Zərgərlik sənəti muzey məkanında: dünən, bu gün, sabah” mövzusunda regional seminar keçiriləcək. Seminar Beynəlxalq Muzeylər Şurasının (ICOM) Azərbaycan Milli Komitəsi, Gürcüstan Milli Komitəsi və Azərbaycan Xalça Muzeyinin birgə təşkilatçılığı ilə reallaşacaq.
   Xalça Muzeyindən bildirilib ki, seminar çərçivəsində “Zərgərlik nümunələrinin muzey fondlarında saxlanılması və təhlükəsizliyi”, “Zərgərlik nümunələrinin bərpa və konservasiyası”, “Zərgərlik kolleksiyaları üzrə kuratorluq işi” və s. mövzularda mühazirələr dinləniləcək. 
   Seminarda Azərbaycan, Gürcüstan və Rusiyadan olan zərgərlik kolleksiyalarının kuratorları, zərgərlər, dizaynerlər, qiymətli metal və daşlar üzrə rəssamlar, müasir zərgərlik brendlərinin nümayəndələri, habelə bərpaçılar, muzey təhlükəsizlik xidməti və marketinq menecerləri iştirak edəcəklər.
   Tədbir çərçivəsində Azərbaycan Xalça Muzeyində zərgərlik nümunələrinin sərgi-satış yarmarkası da nəzərdə tutulur.