Yanvarın 7-də Azərbaycan Xalça Muzeyində keçəçi rəssam Rauf Əbdülhüseynoğlu «Keçə sənətinin tarixi» adlı mühazirə ilə çıxış etdi. Xalçaçılıq sənətinin ən qədim növlərindən olan keçəçilik sənəti barədə çoxumuz eşitsək də, özünü az görmüşük. Halbuki keçəçilik ən qədim, həm də sırf türk el sənətlərindən biridir. Azərbaycanda bu işlə peşəkar səviyyəsində məşğul olan, həm də artıq keçə üzərində stilizə olunmuş tablolar yaradan yeganə rəssam isə Rəssamlar İttifaqının üzvü, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi Rauf Əbdülhüseynoğludur. 
   Rauf müəllimin mühazirəsini dinləməyə gələnlərin əksəriyyəti Rəssamlıq Akademiyasının, Mədəniyyət və İncəsənət Universitetinin tələbələri idi. Keçəçi rəssamın təmsil etdiyi sənət barədə söylədiklərinin gələcəyin ali təhsilli rəssamları, sənətşünasları üçün nə qədər maraqlı və yeni olduğunu deyə bilməsək də, sadəcə, maraq xətrinə gələn digər sənət sahibləri xeyli məlumat əldə etdilər. 
   Bildik ki, hələ qədimdən alaçıqların qurulmasında, döşənməsində, yapıncıların tikilməsində və digər geyimlərin hazırlanmasında keçə materialından istifadə edilib. Lakin yəhər üçün, ya da körpə qundağı üçün istifadə edilən keçə ilə alaçıq keçəsinin hazırlanmasında fərq varmış. Keçə xalça, palaz və kilimdən təkcə qədimliyi ilə deyil, həm də yayda sərin, qışda isə isti saxlaması ilə də fərqlənirmiş. Mühazirəçi keçəçiliyin sırf məişət məqsədilə yaranması, çox sonralar təsviri sənət nümunəsinə çevrilmə prosesindən də danışdı. 
   Rauf müəllimin söhbətini onun haqqında çəkilmiş sənədli filmin iri ekranda nümayişi tamamlayırdı. Filmi seyr etdikcə hər hansı keçə nümunəsinin necə yaranması, gələcək tabloda istifadə ediləcək yunun boyanması, daranması və düzülməsi, sonra da döyülərək bitişməsi prosesi barədə bilgi qazandıq. İlk baxışda sadə görünən bu prosesin nə qədər böyük fiziki güc və xeyli vaxt tələb etməsi bir çoxlarını keçəçiliklə məşğul olmaq niyyətindən daşındırır. Üstəlik, keçə sənətində, digər xalçaçılıq növlərindən fərqli olaraq, dəqiq çeşni əsasında yox, yunun ümumi eskiz əsasında döşənməsi, bu eskizə sonradan hər hansı əlavənin edilməsinin çətinliyi bu işin peşəkarından təkcə güc, son nəticəni bəzən aylarla gözləmək səbrindən başqa, həm də böyük fantaziya və sonucu əvvəlcədən tam görmək qabiliyyəti tələb edir. Rəssam keçəçilik sənətində qalınlığı 1 sm olan döşəmə örtükləri, hətta 3 mm qalınlığında tematik pannolar yığmağa nail olub. Onun pannolarında təkcə avanqard rəsmlər deyil, relyefli rəsmlər, miniatür sənətindən bəhrələndiyi nümunələr də var. 
   Rauf Əbdülhüseynoğlu bu sahəyə maraq göstərən gəncləri çətinlikdən qorxmamağa çağırdı. Rəssam bu illər ərzində şəxsi təcrübəsi əsasında öyrəndiklərini gənclərə öyrətməyə hazır olduğunu, emalatxanasının qapılarının hər kəsin üzünə açıq olduğunu söylədi. 
   Növbəti fərdi sərgisinə hazırlaşan rəssam 2002-ci ildə «Humay» mükafatına, 2006-cı ildə Azərbaycan Rəssamlar İttifaqının «Sultan Məhəmməd» mükafatına layiq görülüb. Əsərləri dünyanın müxtəlif ölkələrindəki muzeylərdə və şəxsi ekspozisiyalarda saxlanılır. 
   
   G.Mirməmməd