Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzi tərəfindən səkkiz adda metodik vəsait hazırlanıb.
“Kitabxanalarda istifadəçilər üçün “Yay məktəbi”nin təşkili” adlı metodiki tövsiyədə (müəllif Elnarə Hacıyeva) gənc nəslin hərtərəfli inkişafında kitabxanaların rolu, yay tətillərində kitabxanalarda bu məqsədə xidmət edən tədbirlərin, həmçinin oxucuların cəlb edilməsi üçün işin təşkili haqqında məlumat və məsləhətlər verilir.
“Muzeylərdə uşaq ekspozisiyalarının təşkili” adlı metodik tövsiyədə (Aygün Balabəyova) uşaq ekspozisiyalarının xüsusiyyətləri, tematik ekspozisiya nümunələri haqqında məlumat verilib, uşaq ekspozisiyalarının qurulması üçün tətbiq olunan innovativ metodlar göstərilib.
“Muzey fondlarında əlyazmaların mühafizə qaydaları”, “Gənc və yeniyetmələr üçün Yeni il şənliyinin ssenarisi”, “8-13 yaşlı uşaqlar üçün Yeni il şənliyinin ssenarisi”, “5-7 yaşlı uşaqlar üçün Yeni il şənliyinin ssenarisi” adlı metodik tövsiyələr Sevinc Qasımova tərəfindən hazırlanıb.
“Muzey və muzey tipli müəssisələrdə bədii tərtibat işinin əsasları” adlı metodik tövsiyəsinin müəllifi Məhbubə Əbilovadır.
Leyla Rzayeva və İradə Xəlilovanın hazırladıqları “Vokal ixtisasının tədrisinə dair metodiki tövsiyə”də vokal incəsənətini sevən şagirdlərin hazırlığı məsələlərinə diqqət yetirilib.
Hazırlanmış bütün vəsaitlər yerlərdəki mədəniyyət müəssisələrinə paylanacaq.