Yanvarın 9-da A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında Əlil Qadınlar Cəmiyyətinin nəzdində fəaliyyət göstərən “İcma Teatrı”nın təqdimatı olub.
Layihə Cənubi Qafqaz üzrə İsveçrə Əməkdaşlıq Təşkilatının dəstəyi ilə həyata keçirilən “Cənubi Qafqazda regional mədəniyyət və incəsənət” layihəsi çərçivəsində reallaşıb.
Yeni yaradılan teatr yaşından asılı olmayaraq əlilliyi olan istedadlı insanlar üçün nəzərdə tutulub.
Layihənin rəhbəri - Azərbaycan Dövlət “Yuğ” Teatrının direktoru Tərlan Rəsulov bildirib ki, təqdim olunan teatrın ilk səhnə əsəri ailə-məişət mövzusundadır. Əlilliyi olan uşaqlar tərəfindən nümayiş olunan tamaşa səhnəcikləri üç ay sürən məşqlər zamanı ərsəyə gəlib. Teatrın yaradılmasında məqsəd əlilliyi olan insanları vahid sənət ocağı ətrafında birləşdirməklə yanaşı, onların cəmiyyətə inteqrasiyasını bərpa etmək, istedadlarının üzə çıxarılmasında dəstək olmaqdır. Xronometrajı bir saat olan səhnəciklər maraqla qarşılanıb.