Azərbaycan, Ukrayna, Belarus, Türkmənistan, Qazaxıstan və digər ölkələrin vətəndaşları da bizim mərkəzə gəlir. Gələcəkdə bu ölkələrin mədəniyyət gecəsini keçirmək niyyətindəyik”
Ankarada fəaliyyət göstərən Rusiya Elm və Mədəniyyət Mərkəzi - RUKEM müxtəlif millətlərdən olan insanları bir araya gətirən bir məkandır. Burada slavyan dilləri ilə yanaşı türk dili də tədris edilir, müxtəlif mədəni layihələr gerçəkləşdirilir. Mərkəzin fəaliyyətində yaxından iştirak edən, fəallıq göstərənlər arasında Ankarada yaşayan azərbaycanlılar da çoxdur. RUKEM-in həmtəsisçisi Karina İkayeva-Düzçimen ilə söhbətimizdə qurumun fəaliyyəti ilə daha yaxından tanış olmağa çalışdıq.
- RUKEM rəsmi şəkildə ötən il fəaliyyətə başlasa da, daha öncə təhsil, mədəniyyət istiqamətində müəyyən layihələriniz olub. Necə oldu ki, belə bir qurum yaratmaq qərarına gəldiniz?
- Beş il əvvəl tərəfdaşım Lyudmila Nosova-Kural ilə mənim ağlıma belə bir ideya gəldi. O, məni əməkdaşlığa dəvət etdi və dedi ki, gəl belə bir mərkəz açaq. Əlbəttə ki, mən də razılaşdım. Türkiyəyə yeni gəlmişdim, böyük enerjim və iş həvəsim var idi onu harasa tətbiq etmək istəyirdim. Anlayırdım ki, mən yalnız rus və ingilis dillərini bilirəm. Beləliklə, bu mərkəzi açdıq. Üç il çox müvəffəqiyyətlə işləyə bildik. Mərkəzdə rus dili daxil olmaqla slavyan dilləri öyrədilir, rus mədəniyyəti haqqında geniş məlumatlar verilir. Bundan başqa, RUKEM beynəlxalq dərəcəli rus dili sertifikatı vermək hüququna da malikdir. Ciddi məqsədlə rus dili lazım olan insanların hər biri bu sertifikatı almaq istəyir. Bundan sonra biz Türkiyədə müxtəlif tədbirlərdə, o cümlədən əcnəbilər arasında keçirilən rus dili olimpiadasında iştirak etdik və 2014-cü ildə birinci yeri tutduq. Bizim tələbələrimiz rus dili üzrə olimpiadada 3 birinci yerin - qızıl medalın hamısına sahibləndilər. Başa düşdük ki, biz daha irəliyə hərəkət etməliyik. Bunun üçün bütün layihələri nəzərdən keçirdik, bəlli oldu ki, assosiasiya açmalıyıq və bizə dərnək lazımdır. Bununla da rus dili müəllimlərinin iş keyfiyyətini artıra bilərik. Hazırda RUKEM-in tərkibində həm dərnək, həm də assosiasiya fəaliyyət göstərir. Dərnək Türkiyədə slavyan dillərinin ali məktəb, universitet və kurslardakı təhsili və tərcüməçilərin mədəniyyət, sosial, maddi-mənəvi yardımlaşma və həmrəyliklərini təmin etmək məqsədilə qurulub. Hazırda Türkiyədə slavyan dillərinə böyük maraq var. Bu sırada Ankarada yaşayan azərbaycanlılar da böyük fəallıq nümayiş etdirirlər. Davamlı şəkildə kurslarımıza gəlir, layihələrimizə qatılırlar. Məsələn, Ankara Dövlət Opera və Balet Teatrının pianoçusu Nailə Əhmədova bizim tədbirlərimizə gəlir və böyük məmnuniyyətlə ifa edir.
- Sizin qurumun təhsildən başqa digər bir istiqaməti də mədəniyyətdir. Bununla bağlı daha çox hansı layihələr sizin üçün prioritet təşkil edir?
- Biz Türkiyədə yaşayırıq və təbii ki, buradakı mədəniyyətin bir parçasıyıq. Türk xalqına, mədəniyyətinə, məişətinə hörmətlə yanaşırıq. Biz assosiasiyanı açanda ilk plan bu oldu, kim nə işlə məşğul olacaq. Bura elə bir yerdir ki, arzu edən hər kəs gələ və öz layihəsi ilə məşğul ola bilər. Məsələn, kimsə metodik vəsait yaza, kimsə incəsənət, kinematoqrafiya prizmasından yanaşa, kimsə konfrans keçirə bilər. Bir sözlə, assosiasiyada hər kəs istədiyini tapa bilər. Bizim dərnəkdə rus dili öyrənənlər təkcə tələbələr deyil. Vəkillər, həkimlər və digər peşə sahibləri də gəlir. Ya dili unutmaq istəmirlər, ya da onu təkmilləşdirmək niyyətindədirlər. Beləliklə, bizim assosiasiyanın bu insanlardan ibarət çox gözəl bir icması formalaşıb. Biz müxtəlif yerlərdə - muzeylərdə, teatrda və s. bir araya gəlirik. Əvvəlcə kiçik teatr studiyamız var idi və biz milli geyimli tədbirlər keçirirdik. 2016-cı ildə qısametrajlı filmimizi çəkdik və beynəlxalq müsabiqəyə təqdim etdik.
Bu qurum həm də mədəniyyətlərarası kommunikasiyanın qurulmasına imkan yaradır. Keçmiş SSRİ-nin bütün vətəndaşları burda özlərini tapa bilərlər. Ukrayna, Belarus, Azərbaycan, Türkmənistan, Qazaxıstan və digər ölkələrin vətəndaşları da bizim mərkəzə gəlir. Təşkil etdiyimiz dəyirmi masalarda Rusiya-Türkiyə əlaqələrini müzakirə edirik, eyni zamanda hər iki ölkənin bayramlarını qeyd edirik. Yaxın gələcəkdə isə Azərbaycan da daxil olmaqla digər ölkələrin də mədəniyyət gecəsini keçirmək, ölkələrin musiqisini, incəsənətini, milli mətbəxini təqdim etmək niyyətindəyik. Bizim tələbələrimiz tez-tez beynəlxalq müsabiqələrdə iştirak edir və mükafatlara layiq görülürlər. Məsələn, ötən il Moskvada keçirilən “Rusiyaya rəğbətimin beş səbəbi” adlı fotomüsabiqənin diplomantları arasında Türkiyənin Bilkənd Universitetinin tələbəsi Burak Doğan da var idi. Bir neçə ay öncə RUKEM-in ev sahibliyində müəllim və tərcüməçilərin iştirakı ilə “Rusiya və Türkiyə: mədəni dialoq” adlı açıq dərs keçirildi. Mərkəzin müəllimləri, qonaqlar, tələbələr tədbirdə iştirak edirdi. Qazaxıstandakı Qazax-Türk Əhməd Yasəvi Universiteti ilə gözəl əlaqələrimiz var. Onlarla birgə layihələr gerçəkləşdirmək fikrindəyik. Bir sözlə, gələcəkdə daha maraqlı quruma çevrilməyi düşünürük.
Mehparə Sultanova
Ankara