Kanadada fəaliyyət göstərən Azərbaycan İrsinin Təbliği Assosiasiyası (AHDA) bu ölkədə mədəniyyətimizi tanıtmaq, mədəni əlaqələrə töhfə vermək məqsədilə yaradılmış qurumdur. Assosiasiyanın fəaliyyətinin ilk illərində bir neçə nəfərdən ibarət olan bu qrup zaman keçdikcə genişlənib, bir sıra ailələr onun fəaliyyətinə qoşulub. Bu gün belə ailələrdə həm uşaqlar, həm də valideynlər müxtəlif tədbirlərdə çıxış edirlər. Rəqqasların istifadə etdikləri milli geyimləri valideynlər özləri tikir, bəzi geyimləri isə Bakıdan gətirirlər.
Assosiasiyanın rəqs qrupu çoxmillətli tərkibə malikdir: azərbaycanlılar, türklər, ruslar, ləzgilər və iranlılar bizim rəqsləri birgə ifa edirlər. Kollektivin genişlənən repertuarı ifaçıların müxtəlif kütləvi tədbirlərdə çıxış etməsinə imkan verir.
2016-cı ilin yayında AHDA kollektivi Kanadanın Kalqari və Edmonton şəhərlərində keçirilən musiqi irsi festivallarında iştirak edib. Kanadada yaşayan xalqların musiqi və rəqslərinin nümayiş olunduğu bu tədbirlərdə assosiasiyanın rəqs qrupu “Naz eləmə”, “Qaval”, “Yallı”, “Uzundərə” və digər Azərbaycan rəqslərini təqdim edib. AHDA həm də Kalqaridə imkansız ailələrə kömək məqsədilə təşkil olunmuş “United Way” xeyriyyə konsertində iştirak edib.