Dünya Alpaqut Federasiyası idarə heyətinin yeni tərkibi seçilib
Yanvarın 7-də Azərbaycan Atatürk Mərkəzində “Dünya Alpaqut Federasiyası” beynəlxalq idman təşkilatının növbədənkənar toplantısı keçirilib.
Dünya Alpaqut Federasiyası 2014-cü ildə Alpaqut Turan döyüş sənətini inkişaf etdirmək məqsədilə rəsmi qeydiyyatdan keçmiş beynəlxalq idman təşkilatıdır. AMEA-nın müxbir üzvü, millət vəkili Nizami Cəfərovun rəhbərlik etdiyi federasiyanın Azərbaycanla yanaşı, Almaniya, Qırğızıstan, Qazaxıstan, Türkiyə, Çexiya, Gürcüstan, İran, Pakistan, Hindistan, Özbəkistan və Rusiya (Yekaterinburq, Moskva vilayəti, Başqırdıstan) üzrə rəsmi nümayəndəlikləri var.
Toplantıda Dünya Alpaqut Federasiyası idarə heyətinin yeni tərkibi müəyyənləşib. Milli Məclisin deputatı Qənirə Paşayeva federasiyanın birinci vitse-prezidenti, Araz Abdullasoy hüquqi məsələlər üzrə vitse-prezident seçilib.
Alpaqut türk xalqlarının qədim döyüş sənətlərindən götürülmüş və müasir döyüş sənətləri ilə sintez edilmiş döyüş növüdür. Alpaqut adı XI əsrdə Mahmud Kaşğarlı tərəfindən yazılmış “Divani-lüğət-it-türk” lüğətindən götürülüb.
Qədim dövrdə alpaqut xaqan qvardiyasının - buyrukların içərisində öz igidliyi ilə seçilən alplara verilən titul olub. Xaqanın mühafizə olunmasında alpaqutlara xüsusi üstünlük verilirdi. Bundan başqa, alpaqutlar başqa bir vəzifəni də yerinə yetirirdilər. Onlar təkbaşına düşmən qoşununun içərisinə girir və onlarda qorxu hissi yaradırdılar. Məhz buna görə də alpaqutlar türk xalqlarının hərb mədəniyyətində tarix boyu xüsusi hörmətə layiq görülüblər.