“Bu, böyük siyasi tədbirdir, böyük mədəni tədbirdir, böyük ictimai hadisədir”
Biz “Multikulturalizm ili”ni uğurla keçirdik. Azərbaycan bir daha dünyaya göstərdi ki, multikulturalizm, onun ideyaları yaşayır və yaşamalıdır. Azərbaycan kimi ölkələrin sayı getdikcə artmalıdır. Əfsuslar olsun ki, bəzi dünya səviyyəli siyasətçilər də özlərinə rəva bilib multikulturalizmlə bağlı çox təhlükəli ifadələr işlətmişlər. Ümid edirəm ki, bu sahədə də müsbətə doğru dönüş yaranacaq və beynəlxalq ictimaiyyət daha dərindən dərk edəcək ki, dünyanın multikulturalizmdən başqa yolu yoxdur. Azərbaycan öz tərəfindən bu istiqamətdə, əlbəttə ki, səylərini davam etdirəcək.
Prezident İlham Əliyev bu fikirləri yanvarın 10-da Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı deyib.
Prezident vurğulayıb ki, 2017-ci ildə Azərbaycanın ev sahibliyi edəcəyi IV İslam Həmrəyliyi Oyunları da ölkəmizin dünyada sülh və dialoqa növbəti töhfəsi olacaq: “Bütün müsəlman aləminin həmrəylik oyunlarına biz ev sahibliyi edəcəyik. Azərbaycan 2015-ci ildə ilk Avropa Oyunlarını keçirmişdir. Yəni, bir ölkədə, bir şəhərdə iki il ərzində həm Avropa Oyunları keçirilib, həm də İslam Həmrəyliyi Oyunları keçiriləcək. Bu, təkcə idman tədbiri deyil. Əgər kimsə hesab edir ki, İslam Həmrəyliyi Oyunları idman tədbiridir, səhv edir. Bu, böyük siyasi tədbirdir, bu, böyük mədəni tədbirdir, bu, böyük ictimai hadisədir. Bu, bir daha Azərbaycanı müstəqil, öz dəyərlərinə, islam dəyərlərinə sadiq ölkə kimi, eyni zamanda, müasir ölkə kimi göstərir və bu gün islam dininə qarşı çirkin kampaniya aparanlara da bir cavab olacaq. Onlar öz imkanları hesabına həm mediada, həm ictimai fikirdə, həm müxtəlif qeyri-hökumət təşkilatları çərçivəsində rəy formalaşdırırlar ki, islam dünya üçün təhlükədir, islamı terrorizmlə eyniləşdirirlər, islamofobiyaya rəvac verirlər, xalqları dinə görə bölürlər, müsəlman qaçqınlarına qarşı hörmətsizlik edirlər”.
Dövlət başçısı vurğulayıb ki, İslam Həmrəyliyi Oyunlarının bu baxımdan çox böyük mənası var: “Biz bu Oyunları keçirməklə bir daha gücümüzü, imkanlarımızı göstərəcəyik, dini dəyərlərimizə sadiqliyimizi nümayiş etdirəcəyik, çalışacağıq ki, islam aləmini birləşdirək. Bizi bölmək, aramıza nifaq salmaq, bir-birimizə qarşı qoymaq istəyənlər öz hədəflərinə çatmamalıdırlar. Azərbaycan islam aləmində çox böyük hörmətə malik bir ölkədir. İslam Əməkdaşlıq Təşkilatının rəhbərləri bizim ölkəmizə yüksək qiymət verirlər”.
Prezident bildirib ki, bütün bunları nəzərə alaraq 2017-ci ilin Azərbaycanda “İslam həmrəyliyi ili” elan edilməsi barədə sərəncam imzalayıb.
* * *
Qeyd edək ki, Bakıda IV İslam Həmrəyliyi Oyunları mayın 12-dən 22-dək keçiriləcək. İslam Həmrəyliyi Oyunları dörd ildən bir İslam Həmrəyliyi İdman Federasiyası (İSSF) tərəfindən keçirilir, ilk Oyunlar 2005-ci ildə Səudiyyə Ərəbistanında təşkil olunub. IV İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsi barədə qərar 2013-cü ildə qəbul olunub. Azərbaycan Prezidentinin 17 sentyabr 2015-ci il tarixli sərəncamı ilə Oyunların Təşkilat Komitəsi yaradılıb. Komitənin sədri ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevadır.
IV İslam Həmrəyliyi Oyunlarına 50-dən çox ölkədən 3 mindən artıq idmançının qatılacağı gözlənilir. Yarışlar 24 idman növü üzrə keçiriləcək. Oyunlar zamanı 16 idman obyekti və qurğusu idmançıların ixtiyarında olacaq. Bu idman obyektlərində 2015-ci ildə I Avropa Oyunları keçirilib və tam müasir standartlara cavab verir.
* * *
Yanvarın 16-da “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının media akkreditasiyası prosesinə start veriləcək. Oyunları işıqlandırmaq üçün təxminən 650 jurnalist, fotoqraf və rəsmi yayım hüququ olmayan televiziya şirkətlərinin nümayəndələrinin akkreditasiyadan keçməsi nəzərdə tutulur. Qeydiyyatla bağlı müraciətlər martın 31-dək qəbul ediləcək. “Bakı-2017”ni işıqlandırmaq istəyən media nümayəndələri bu tarixdən gec olmayaraq akkreditasiya üçün müraciət etməlidirlər. Medianın akkreditasiyası aprel ayınadək aparılacaq, biletlərin satışı isə mart ayında başlanacaq. Ətraflı məlumatı Oyunların saytında əldə etmək olar:
www.baku2017.com
Beynəlxalq media nümayəndələrinin müraciəti təmin olunarsa və təsdiqlənərsə, onlara Azərbaycana daxil olmaları üçün viza rolunu oynayacaq müvəqqəti giriş kartı göndəriləcək. Media akkreditasiya kartları isə Akkreditasiya Mərkəzində paylanılacaq.
Oyunlardan əvvəl, mayın 9-da və 11-də Atletlər Kəndinə iki media tur təşkil olunacaq. Turda iştirak etmək üçün media nümayəndələri martın 31-dən sonra pressoperations@baku2017.com elektron ünvanından qeydiyyatdan keçməlidirlər.