Hüquq ədəbiyyatı üzrə elektron kitabxananın yaradılması ilə bağlı fikir mübadiləsi aparılıb
Avstraliyanın məhkəmə işlərinin idarə olunması və elektron kitabxana üzrə beynəlxalq məsləhətçisi Berri Uols yanvarın 11-də Milli Kitabxanada olub. Avstraliyalı mütəxəssis Azərbaycan Respublikasının Ali Məhkəməsinin elektron kitabxana layihəsinin məsləhətçisidir.
Kitabxananın direktoru Kərim Tahirovla görüşdə qonaq əvvəlcə sözügedən layihə haqqında məlumat verib. O, elektron kitabxanada bütün hüquq ədəbiyyatını toplamaq istədiklərini bildirib, eyni zamanda müəllif hüquqlarının qorunmasının zəruriliyinə toxunub.
Azərbaycan Milli Kitabxanasının bu sahədə təcrübəsindən danışan K.Tahirov avstraliyalı mütəxəssisə yardım etməyə hazır olduqlarını bildirib. Qeyd olunub ki, Milli Kitabxana bir neçə il əvvəl Ali Məhkəmənin kitabxanasının yaradılmasında yaxından iştirak edib, həmçinin kitabxananı müəyyən sayda hüquq ədəbiyyatı ilə təmin edib.
B.Uols hüququn müxtəlif sahələrinə dair ədəbiyyatın, monoqrafiyaların çapına dəstək olacaqlarını və həmin ədəbiyyatların elektron kitabxanaya yerləşdiriləcəyini deyib.
Milli Kitabxana ilə tanış olan qonaq Azərbaycan oxucularının hüquq sahəsində daha çox hansı ədəbiyyatı oxuduqları, bu sahədə daha çox hansı dövri mətbuata müraciət etdikləri ilə maraqlanıb.
Beynəlxalq məsləhətçi elektron kitabxananın yaradılmasında Azərbaycan Milli Kitabxanası ilə əməkdaşlığa ümid etdiyini bildirib, oxucular arasında sorğu keçirməyə şərait yaradılmasını xahiş edib.
Görüşün sonunda avstraliyalı mütəxəssisə kitablar hədiyyə edilib.