İki ölkə arasında diplomatik münasibətlərin 25 illiyi ilə bağlı tədbirlər keçiriləcək
Yaponiyanın Baş naziri Şinzo Abe tərəfindən bu ölkədə akkreditasiya olunmuş yapon dilində danışan səfirlər üçün nahar təşkil edilib. Tədbirdə 22 diplomat iştirak edib.
Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə də bu görüşə dəvət olunub. Görüş zamanı səfir Azərbaycanın Yaponiya ilə hərtərəfli əməkdaşlıqda maraqlı olduğunu, əməkdaşlığımızın xüsusən iqtisadi sahədə genişləndirilməsinin vacibliyini vurğulayıb. Səfir Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə aparılan siyasət, qeyri-neft sektorunun, o cümlədən kənd təsərrüfatı, turizm və digər sahələrin inkişafı barədə danışıb.
G.İsmayılzadə 2017-ci ildə Azərbaycan-Yaponiya diplomatik münasibətlərinin 25 illiyinin qeyd olunacağını diqqətə çatdıraraq bununla bağlı iki ölkə arasında müxtəlif tədbirlərin keçirilməsinin məqsədəuyğun olduğunu bildirib.
Baş nazir Ş.Abe verilən məlumatlara görə minnətdarlığını ifadə edərək Yaponiyanın Azərbaycan ilə münasibətlərə böyük əhəmiyyət verdiyini bildirib.