Yeni ilin ilk tamaşasının məşqləri başlanıb
Dövlət Gənc Tamaşaçılar Teatrında yeni ilin ilk tamaşasının məşqlərinə başlanılıb.
Tamaşa Əməkdar incəsənət xadimi, yazıçı-dramaturq Əli Əmirlinin «Ünvansız qatar» pyesi əsasında hazırlanır.
Səhnə əsərinin quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Bəhram Osmanov, quruluşçu rəssam Sona Qarayeva, rejissorlar Gülnar Hacıyeva, Qasım İbrahimov, musiqi tərtibatçısı Zaur Rəşidov, rejissor assistentləri Tacəddin İmanov və Sona Mustafayevadır.
“Müraciət etdiyimiz əsər ata-baba yurdundan didərgin düşmüş soydaşlarımızın faciəli və nisgilli həyat həqiqətlərindən bəhs edir. Peşəkar dramaturq Əli Əmirlinin qələminə məxsus bu tamaşa inanıram ki, müəllifin digər əsərləri kimi, repertuarımızda özünə möhkəm yer tutacaq”, - deyə teatrın direktoru, Əməkdar artist Mübariz Həmidov deyib.
Tamaşada Xalq artisti Tariyel Qasımov, əməkdar artistlər Lətifə Əliyeva, Qurban İsmayılov, Şəfəq Əliyeva, Nəsibə Eldarova, Şövqi Hüseynov, Gülər Nəbiyeva, Naibə Allahverdiyeva, Kəmalə Hüseynova, Qəmər Məmmədova, Leyli Vəliyeva, Vahid Əliyev və başqaları iştirak edəcək.