Bir haqq, ədalət, azadlıq aşiqi ki, dili də, könlü də, qələmi də Vətən!..
   
   Bu şairin poeziyası o çağlarda Azərbaycana qarşı yürüdülən mənhus siyasətə, milli aşağılamalara, mənəvi deqradasiyalara qarşı poetik-vulkanik bir hayqırış!.. 
   Bu sənətkarın bir neçə şeirində çağlayan (daxilənsə ağlayan) sevgi, məhəbbət, eşq hisslərinin özləri də, böyük Füzuli eşqi kimi, fizio-biolojilikdən daha uca, daha ali... 
   Yurd, Vətən, İstiqlal aşiqliyindən müqəddəs duyğu yaşamamış bu soydaşımızın “gül-bülbül” misraları da sevgili Vətən qoxuyur, doğma məmləkət cəh-cəhləyir.
    
   Məsələn;
    
   Ağlama, ağlama, ey gözləri buludlu yar,
   Barı uzaqdan olsa, qadanı ala bilsəm!..
   Bir tərlan kimi qonsam o qartallı dağlara,
   Bir ovçu vursa, düşsəm, sinəndə qala bilsəm,
   Qurbanın ola bilsəm!..
   
   Ağlı kəsəndən gözünü yumanadək bu şairin ən çox işlətdyi kəlmə - “Vətən”!..
   110 il əvvəl Bakıda doğulub, 65 beş il öncə Elazığda...
   Sözüm qırıldı. Həm ona görə ki, bu şair ölməz sənətkarlarımızdandır, həm bundan yana ki, onun ən böyük arzusu - Milli Müstəqilliyimiz onun 84 yaşından bəri bərpa-bərqərardır. Bu şanlı vətəndaş-soydaşımız ulu Vətəninin yenidən istiqlala qovuşacağına ərəfə nəsillərindən də möhkəm əmin-arxayın olub və hətta poetik bir “kompliment” də söyləyib:   

   Qafqaz; o yaşıl yurd, o məhəbbət vətənimdir.
   Qafqaz; onu mən görmədən ölsəm, ona dair;
   Qəbrimdə yazılsın iki misra, bu kitaba:
   “Aşiqdir gözəl yurduna qürbətdə də şair,
   Xəyyam necə aşiq idisə gül rəngli şəraba...”
   
   Bəs bu gözəl şairin, son dərəcə milli heysiyyətli, fitrətən ayıq-aydın ziyalının özünə kimlər, nələr “aşiq”miş? Təmiz qəlbdən xali -
   
   Təqibçi-təzyiqçilər...
   
   1907-ci il martın 25-də Bakının Qala kəndində doğulmuş bu əsilzadə Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra totalitar rejimin cəza hədəfinə çevrilir. Gün gəlir ki, Azərbaycan Dövlət Universitetinin Şərq ədəbiyyatı fakültəsindən də xaric edilir. 1926-cı ildə çap etdirdiyi “Dün - bugün” məcmuəsində və sonrakı şeirlərindəki millətçi görüşlərinə görə Dağıstana (1928) sürgün edilir. İki il sonra Bakıya qayıdıb nəşr etdirdiyi “Dağlar səslənərkən” şeirlər məcmuəsi onun Azərbaycan Yazıçılar İttifaqından qovulmasına, Türkmənistana sürgün edilməsinə səbəb olur. Onu orada da rahat buraxmırlar. Türkmənistanda qalmağın təhlükəli olduğunu hiss edən şair 1933-cü ilin iyununda, yenicə evləndiyi Zivər xanımı və üçaylıq körpəsi Azəri də götürüb İrana gedən qaçaqçı bir dəvə karvanına qoşulur.
   Sərhəd gözətçilərinin və gömrük məmurlarının gözünə görünməməkçün çətin cığırlar, sıldırım qayalar ötən ailə böyük məşəqqətlərdən sonra İran torpağına çatır və... Almas İldırım dərhal həbs olunur. 25 gün dustaq saxlanan şair bolşevik casusu hesab edilərək işgəncələrə məruz qalır. Bu işgəncələr səhhətində dərin izlər qoyur; o, böyrək xəstəliyinə mübtəla olur. Nəhayət, azad edilib Məşhəd şəhərinə göndərilsə də, burada iş tapa bilməyən incə qəlbli insan çox yoxsul, acınacaqlı günlər yaşayır. İranda qala bilməyib, Türkiyəyə gedir, 1934-cü ildə Türkiyə vətəndaşlığına qəbul edilir və orada katiblik, kargüzarlıq işlərində çalışır, ibtidai məktəbdə dərs deyir. 
   Olmazın məşəqqətlərə baxmayaraq, bütün imkan-mümkün macallarını bədii yaradıcılığa sərf edən şair 1952-ci ilin 14 yanvarında vəfat edir. Böyük azadlıq şairindən gözəl şeirlərlə yanaşı, Azər, Araz, Orxan və Bakıxan adlı dörd oğul da qalır. 
   Bütün doğulanlar gedir, o şeirlərsə - 
   
   Qaldıqca qalası...
   
   Vətən həsrəti, qəriblik hüznü Almas İldırımın demək olar, bütün əsərlərinin aparıcı ahəngidir. Türkiyə həyatı - qəzetlərdə, jurnallarda, məcmuələrdə çap etdirdiyi milli şeirləri onu milliyətçi və istiqlalçı bir şair kimi tanıtdı. Özü də o şeirlər ruhuna, məsləkinə uyğun bir adla - “Boğulmayan səs” adı altında çap olundu. Sonralar nəşr edilən kitabının adı - “Azərbaycan mahnıları” da Almas İldırımın müqəddəs vətən həsrəti rübabından soraq verir...
   Azərbaycan mühacirət poeziyasının qüdrətli simalarından biri, adı və əsərləri qəm, həsrət və ayrılıq simvolu kimi mənalanan Almas İldırım özünəməxsus, bənzərsiz poetik fərdiyyəti, üslub tərzi ilə diqqəti çəkməkdədir. Bu ədibin tək elə qələm aləmi yox, bioqrafiyası da heç kiminkinə bənzəmir. Qürbət - heç bir həmkarının əsərlərində onun şeirlərindəki qədər ağır iztiraba çevrilməyib. Özü də bu, tək elə yaşadığı taleyin keşməkeşlik-mürəkkəbliklərindən deyil, doğal yaradıcılıq ruhundan, fərd mahiyyətindən də qaynaqlanıb.
   Poeziyası “vətəndə yazılan şeirlər”, “sürgün şeirləri” və “qürbət şeirləri” kimi səciyyələndirilən ədibin əksər şeirləri (“O mənimdir əzəldən”, “Arazla dərdləşmə”, “Qafqaz dağlarına”, “Birləşən iki nəhir”, “A dağlar”, “Neçin şair doğuldum”, “Əlvida, Bakı!..” və s.) Vətən təbiətinin vəsfilə bahəm, milli-ictimai dərd-ələmlərin inikası kimi də səslənirdi. Mühacirətdə yaşadığı ölkənin mətbuatında çap olunmuş bəzi şeirləri (“Türküm”, “Qürbətdə”, “Bir səs gəlir uzaqdan”, “Əsir Azərbaycanım”, “Qaf dağına türkülər», “Gölçüklə dərdləşmə”, “Ölməkmi, yaşamaqmı”, “Qürbət məktubları”, “Qızıl kölələr dünyasına”, “Bir gün gələcək” və s.) onun Türkiyə siyasi dairələri izləniminə də səbəb olub.
   
   Nerdə məni gül qoynunda doğuran,
   Xəmirimi göz yaşıyla yoğuran,
   Beşiyimdə “layla balam” çağıran…
   Azərbaycan, mənim baxtsız anam oy!
   Neçə bir yıl həsrətinlə yanam oy!..
    
   Bu misralardan sonra mən də, şairin bu hiss-həyəcan nidalarına istinadən, bir “oy!”luq mətləbə toxunum. Belə ki, bizim milli ədəbiyyatımızda Azərbaycan adına saysız şeirlər yazılsa da, onlardan heç biri Almas İldırımın “Əsir Azərbaycanım”ı qədər ruhi-varlığa işləyəni, duyğuları bu sayaq ehtizaza gətirəni yox...
    
   Könlümə tək Kəbə yapdım səni mən,
   Sənsiz neyləm qürbət eldə günü mən,
   Sənsiz neyləm Allahı mən, dini mən,
   Azərbaycan, mənim tacım, taxtım, oy!
   Oyanmazmı kor olası baxtım, oy?!.
    
   Hələ bu incə qəlbin qılınc qəzəbinə baxın (!):
   
   Yox, mən ölmək istəməm,
    görmədən doğma yurdu,
   Mən orda ağlamışam, 
    mən orda güləcəyəm.
   Böylə qoy sevinməsin 
    Kremlin vəhşi qurdu,
   Mən tufanla doğmuşam, 
    tufanla öləcəyəm!..
   
   Bu misralardan sonra isə, elə həmin ifadələrə istinadən, təbii və ağrılı bir sual: hansı “doğma yurdu görmədən”? Yox, bu sualı da - Vətənin azadlığını yaradıcılığının başlıca məzmununa çevirmiş, hər bir millətin xilasını onun azadlıq-istiqlaliyyətində görən şairin “Qara dastan”ındakı alov püskürtülərilə cavablandıraq:
    
   Azərbaycan dərd içində boğulmuş,
   Sevənləri diyar-diyar qovulmuş.
   Ağla şair, ağla, yurdun dağılmış,
   Harda qopuz, harda qırıq kaman, hey!
   Qoca türkün düşdüyü dərd yaman, hey!..
    
   Hə, “Mən tufanla doğmuşam, tufanla öləcəyəm”...
   Allah rəhmət eləsin... 
   
   Tahir Abbaslı