Hüseyn Seyidzadə - 100
Noyabrın 3-də Dövlət Film Fondunda görkəmli kinorejissor Hüseyn Seyidzadənin 100 illiyinə həsr olunmuş xatirə gecəsi keçirildi. Tədbirə gələnlər Film Fondunun foyesində rejissorun həyat və yaradıcılığını əks etdirən fotolar və filmlərin afişalarından ibarət sərgiyə maraqla tamaşa etdilər.
Sənətkarın yaradıcılığına həsr olunmuş video-çarx qonaqlara təqdim olunduqdan sonra Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev Hüseyn Seyidzadənin rəngarəng mövzulu kino yaradıcılığından danışdı: “Hüseyn Seyidzadə rejissorluq konsepsiyasını qura bilən yüksək intellektə sahib kinorejissor idi. O, həmişə dərk edirdi ki, kino plastikadır və bu plastikanı, yüksək estetik rejissor yozumunu onun yaradıcılığında hiss etmək mümkündür”.
Daha sonra Əməkdar incəsənət xadimi Aydın Kazımzadə kinorejissorun yaradıcılığına nəzər saldı: “Hüseyn müəllim deyərdi: “Mənim bəxtim onda gətirib ki, Moskvada Kinematoqrafiya İnstitutunda oxuyarkən çox böyük sənətkarlardan - görkəmli kino ustaları Mixail Romm, Lev Kuleşov və Sergey Eyzenşteyndən dərs almışam. Qriqori Aleksandrov, Mixail Romm, Vsevolod Pudovkin kimi tanınmış kinorejissorların filmlərində rejissor assistenti və ikinci rejissor işləmişəm, onlardan çox şey öyrənmişəm. Ona görə də mənim pis film çəkməyə haqqım yoxdur”.
Aydın Kazımzadə tanınmış kinorejissor, operator Əlisəttar Atakişiyevin, aktyor Əliağa Ağayevin vaxtilə ona danışdığı xatirələri, film çəkilişləri barədə maraqlı məqamları tədbir iştirakçılarının diqqətinə çatdırdı.
Xatirə gecəsində İlham Namiq Kamal, Ziya Şıxlinski, Miniatür Kitab Muzeyinin direktoru Zərifə Salahova də mərhum rejissor barədə fikirlərini bölüşdülər. Tədbirdə görkəmli rejissorun lentə aldığı “O olmasın, bu olsun”, “Dəli Kür”, “Qayınana” və “Koroğlu” filmlərindən fraqmentlər nümayiş olundu.
Yeganə