20 Yanvar faciəsinin 27-ci ildönümü ilə əlaqədar Mədəniyyət və Turizm Nazirliyi, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi və “Yaddaş” sənədli filmlər studiyasının birgə təşkilatçılığı ilə 17-19 yanvar tarixlərində nazirliyin tabeliyində olan mədəniyyət müəssisələrində Milli Qəhrəmanlara həsr olunmuş sənədli filmlər nümayiş etdirilir.
Ekran əsərləri Milli Qəhrəmanlar Tofiq Hüseynov, Ələsgər Novruzov, Aqil Məmmədov, Şikar Şikarov, Sərxan Ocaqverdiyev, Pərviz Səmədov, Əliyar Əliyev, Elman Hüseynov, Zakir Yusifov, Elşad Yəhyayev, Əlif Hacıyev, Şövgiyar Abdullayev, Şahlar Hüseynov və İlqar İsmayılova həsr olunub.
“Mən Xocalını tərk etməyəcəyəm”, “Qəhrəmanlığa gedən yol”, “Qərargah rəisi”, “Tarixdə adı qalan”, “Ata adı”, “Pəhləvan komandir”, “Səma cəngavəri”, “Bacı yaddaşı”, “Azərbaycanlı olmaq böyük şərəfdir”, “Ana, üç günə qayıdacağam” və digər filmlərin rejissorları Nizami Abbas, Asif Abramov, Samirə Cəfərova, Günel Aqif, Könül Kərimova, Ramiz Hüseynovdur.
Filmlər 17 yanvarda Müşfiqabad qəsəbə Mədəniyyət evi, Qaradağ rayon Heydər Əliyev Mərkəzi, A.R.Qobustanlı adına Mədəniyyət evi və Nizami Kino Mərkəzində nümayiş olunub. 18 yanvar tarixində Binəqədi Mərkəzi mədəniyyət evi, Yasamal rayon Heydər Əliyev Mərkəzi və Suraxanı rayon Heydər Əliyev Mərkəzində, 19 yanvarda isə Mərdəkan Mədəniyyət sarayı, Süvəlan qəsəbə Mədəniyyət evi, Ə.Əmirov adına Mədəniyyət sarayı, Ə.Bədəlbəyli adına 23 nömrəli 11 illik Musiqi məktəbi, 4 nömrəli Uşaq incəsənət məktəbi və Nizami Kino Mərkəzində Milli Qəhrəmanlar haqqında sənədli filmlər nümayiş olunacaq.
Lalə