Bəstəkarın “Min bir gecə” baletinin videonümayişi keçirilib
Azərbaycanın Los-Ancelesdəki (ABŞ) baş konsulluğunda dünya şöhrətli bəstəkar Fikrət Əmirovun xatirəsinə həsr olunmuş tədbir keçirilib. Azərbaycan klassik musiqisinin ABŞ-da təbliği ilə bağlı baş konsulluğun silsilə tədbirləri çərçivəsində keçirilən musiqi gecəsi Los-Ancelesin tanınmış Cedars-Sinai Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən “Bir ürək xilas et” xeyriyyə cəmiyyəti ilə birgə təşkil olunub.
Baş konsul Nəsimi Ağayev tədbiri açaraq, Fikrət Əmirovun Azərbaycan və dünya musiqisinə əvəzsiz töhfələr verdiyini, özündən sonrakı nəsillərə böyük bir miras qoyub getdiyini deyib. Diplomat 2017-ci ildə bəstəkarın anadan olmasının 95 ilinin tamam olduğunu vurğulayaraq, həyat və yaradıcılığı barədə qonaqları məlumatlandırıb.
Bildirilib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev dahi bəstəkara hələ sağlığında böyük qiymət verib, onun yaradıcılığına daim diqqət və qayğı göstərib. Azərbaycanın ölməz mədəniyyət və incəsənət xadimlərinin zəngin irsinin yaşadılması, gənc nəsillərə öyrədilməsi və dünyada tanıdılması bu gün Prezident İlham Əliyev tərəfindən davam etdirilir.
Baş konsul hələ 1959-cu ildə sovet bəstəkarı Dmitri Şostakoviçin rəhbərliyi altında SSRİ-dən ABŞ-a ezam edilmiş, sovet klassik musiqisini təmsil edən dörd bəstəkardan birinin Fikrət Əmirov olduğunu bildirərək, digər ştatlarla yanaşı, onun Kaliforniyaya da səfər etdiyini diqqətə çatdırıb. Vurğulanıb ki, bəstəkarın yaradıcılığı ABŞ-da böyük rəğbət qazanıb, XX əsrin ən görkəmli dirijorlarından olan Leopold Stokovskinin rəhbərliyi altında Fikrət Əmirovun əsərləri Nyu-York, Filadelfiya və Hyuston simfonik orkestrləri tərəfindən səsləndirilib.
Daha sonra “Bir ürək xilas et” xeyriyyə cəmiyyətinin rəhbəri, tanınmış kardioloq İzhar Xaruzi və cəmiyyətin idarə heyətinin üzvü Esfir Blauqrund çıxış edərək, Fikrət Əmirovun zəngin musiqi irsinin olduğunu, onun yalnız Azərbaycan musiqisinə deyil, dünya xalqlarının musiqi xəzinəsinə də böyük töhfələr verdiyini bildiriblər. Belə tədbirlərin Azərbaycanın zəngin musiqi mədəniyyətinin öyrənilməsi baxımından önəm daşıdığı qeyd edilib.
Çıxışlardan sonra ölməz bəstəkarın “Min bir gecə” baletinin videonümayişi keçirilib. Balet tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.