Yanvarın 13-də Azərbaycan Dövlət Filarmoniyasında Xalq artisti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, tanınmış skripkaçı Zəhra Quliyevanın yaradıcılıq gecəsi keçirildi. 
   Mədəniyyət və Turizm Nazirliyi və Bakı Musiqi Akademiyasının birgə təşkilatçılığı ilə gerçəkləşən gecədə sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Təhmirazqızı çıxış edərək sənətkarın həyat və yaradıcılığından söz açdı. Vurğuladı ki, Zəhra Quliyeva Azərbaycan musiqi mədəniyyətinin inkişafına mühüm töhfələr verib. 
   Qeyd olundu ki, skripkaçı ilk təhsilini Bülbül adına Orta ixtisas musiqi məktəbində alıb, sonra Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasını (indiki Bakı Musiqi Akademiyası) fərqlənmə diplomu ilə bitirib. 1978-ci ildə Zəhra Quliyeva bu tədris ocağında pedaqoji fəaliyyətə başlayıb. Çalışdığı ilk illərdən indiyədək bir çox istedadlı musiqiçilər və ifaçıların yetişməsində əməyi olub.
   Tədbir daha sonra konsert proqramı ilə davam etdi. Konsertdə Xalq artisti Rauf Abdullayevin bədii rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri musiqi proqramı ilə çıxış etdi.
   
   Fariz Hüseynov