“Mədəniyyət.AZ” jurnalının ötən il üçün son sayı maraqlı yazılarla oxucuların ixtiyarına verilib.
“Könlüm keçir Qarabağdan” qeydlərində düşmən işğalında qalan ərazilərimizdə tarixi-mədəni irsə qarşı törədilən vandallıq aktlarından ürək ağrısı ilə söhbət açılır.
“Nəsiminin şəxsiyyəti: tarixi qaynaqlar işığında”, “Söz mülkünün Xaqanı” araşdırmaları və “Şopenin sonatası” hekayəsi ədəbiyyatsevərlərin ixtiyarına verilir.
Jurnalda korifey sənətkarımız, Xalq artisti Nəsibə Zeynalovanın yaradıcılığına səyahətlə yanaşı (“Düşüncəli etüdlər, yaxud Nəsibə Zeynalova sənətkarlığının estetik özəllikləri”), V.Mayakovski adına Moskva Akademik Teatrının kollektivi ilə ölkəmizə qastrola gəlmiş tanınmış aktrisa Yevgeniya Simonovanın müsahibəsi ilə də tanış ola bilərsiniz.
“Bu kino ki var...” rubrikası yenə də həmişəki kimi zəngindir. “Arşın mal alan”ın ekran yolu”, “İstintaq davam edir-50” və Azərbaycan Dövlət Film Fondunun fəaliyyətindən bəhs edən “Milli kino tariximizin mühafizi”, paytaxtımızda çəkilən dünya kinosu incilərindən danışan “Bakı əcnəbi filmlərdə” yazıları həmin bölmədə yer alıb.
Jurnalın bu sayında həmçinin görkəmli bəstəkar, professor Oqtay Rəcəbov, tanınmış fırça ustası, Xalq rəssamı Maral Rəhmanzadə, peşəkar rəqqas, maraqlı kompozisiyalar quruluşçusu Fərhad Vəliyev haqqında məqalələrdə sənət adamlarının həyat və yaradıcılığı diqqətlə araşdırılıb, istiqlal aşiqi Ceyhun Hacıbəylinin portret cizgiləri canlandırılıb.