Qəzetimizin əməkdaşı, bir çox beynəlxalq müsabiqələrin mükafatçısı, rəssam Soltan Soltanlı İspaniyanın paytaxtı Madriddə keçirilən beynəlxalq yarışmada 2-ci yeri tutub.
Müsabiqənin final mərhələsinə 77 əsər vəsiqə qazanıb. Bu haqda rəssam məlumat verib: “Yarışmada ötən ilin yayında işlədiyim “Kalva ətrafında döyüş” əsərim ikinci yerə layiq görülüb. Bu əsəri öncə yağlı boya ilə kətan üzərində yaratmışdım. Sonradan əsərin qrafik variantını kağızda işlədim və fotosunu müsabiqəyə göndərdim. Sözügedən əsəri keçən ilin aprel döyüşlərindən sonra yaratmışam. Əsərdə səngəri ənənəvi biçimdə yox, hər əsgərin ayrıca qəbri kimi təsvir etmişəm. Yəni hər əsgər səngəri öz məzarı kimi qazaraq döyüşə atılıb, yağıya qarşı öz səngər-məzarından döyüşür”.
Bildirək ki, müsabiqədə birinci yeri Monteneqro, üçüncü yeri isə Tailand təmsilçisi qazanıb. Müsabiqənin final mərhələsinə adlayan 77 əsərdən ibarət sərgi yanvarın 17-dən fevralın 26-dək nümayiş etdiriləcək.