Almaniyanın Hannover şəhərində keçirilən DOMOTEX beynəlxalq satış-sərgisində “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti (ASC) də iştirak edib. Yanvarın 17-dək davam edən sərgidə “Azərxalça” ASC-ni sədr müavini Orxan Rzayev təmsil edib.
Qurumdan verilən məlumata görə, ölkəmiz sərgiyə Azərbaycan xalçaçılıq məktəbinin ən gözəl nümunələri - İrəvan, Naxçıvan, Qarabağ, Bakı, Təbriz, Gəncə, Quba, Şirvan və Qazax-Borçalı xalçaları ilə qatılıb. İlk dəfədir ki, Hannover sərgisində iştirak edən “Azərxalça”nın məhsulları iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
DOMOTEX beynəlxalq sərgisi 1989-cu ildən keçirilir. Hər il dünyanın xalçaçılıq sahəsinin aparıcı istehsalçıları, topdan və pərakəndə satış təmsilçiləri, interyer dizaynerləri, memarlar Almaniyanın Hannover şəhərində ənənəvi xalça satış-sərgisində bir araya gəlirlər. DOMOTEX xalça bazarının müasir vəziyyətini, bu sahədə texnoloji nailiyyətləri öyrənmək baxımından geniş imkanlar yaradır.