İspaniya paytaxtında Dünya Turizm Təşkilatı ST-EP Fondunun Direktorlarının toplantısı olub
   
   Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İspaniyanın Madrid şəhərində BMT-nin Dünya Turizm Təşkilatının (DTT) ST-EP Fondunun Direktorlarının 14-cü görüşündə iştirak edir.
   Səfər çərçivəsində nazir Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifai ilə görüşüb. Görüşdə təşkilatla Azərbaycan arasında əməkdaşlıq, 2017-ci ildə BMT tərəfindən elan olunan “Beynəlxalq davamlı turizm ili” çərçivəsində görüləcək işlərdən bəhs edilib. Həmçinin, cari ilin mayında Bakıda keçiriləcək IV Dünya Mədəniyyətlərarası Dialoq Forumu və Dünya Turizm Təşkilatı İcraiyyə Şurasının növbəti iclası ilə bağlı müzakirələr aparılıb. Xatırladaq ki, Azərbaycan Respublikası bu il və Dünya Turizm Təşkilatı İcraiyyə Şurasına sədrlik edir.
   Nazir Əbülfəs Qarayev Azərbaycan Prezidenti İlham Əliyevin son aylarda turizm sahəsi ilə bağlı olduqca vacib sərəncamlar verdiyini, Turizm Şurasının yaradıldığını, turizm sahəsinin inkişafı ilə bağlı strateji yol xəritəsinin təsdiq edildiyini diqqətə çatdırıb.
   DTT-nin baş katibi Taleb Rifai Prezident İlham Əliyevin doğum günündə onunla telefonla danışdığını və Azərbaycanda turizm sahəsində aparılan islahatlar barədə fikir mübadiləsi apardığını xatırladaraq, bu sahənin ölkəmizin iqtisadiyyatına böyük töhfələr verəcəyinə əminliyini ifadə edib.
   Nazir 2016-cı ildə ölkəmizə gələn turistlərin sayında 11 faiz artım olduğunu qeyd edərək bu rəqəmin 2017-ci ildə daha da artacağını vurğulayıb.
   Görüşün sonunda qərara alınıb ki, Dünya Turizm Təşkilatı ilə Azərbaycan arasında işçi qaydada intensiv təmaslar davam etdirilsin.
   Daha sonra nazir Ə.Qarayev DTT-nin ST-EP Fondunun Direktorlarının 14-cü görüşündə və Gürcüstan Baş nazirinin şərəfinə təşkil edilən qəbulda iştirak edib.
   Görüşlərdə Azərbaycanın İspaniyadakı səfiri, ölkəmizin DTT yanında daimi nümayəndəsi Anar Məhərrəmov və nazirliyin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Vasif Eyvazzadə də iştirak edib.