Yanvarın 18-də AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində Prezident yanında Bilik Fondu və “Şəhid ailələrinə sosial dəstək” İctimai Birliyi ilə birgə “20 Yanvar - fəxrlə andığımız gün” adlı tədbir keçirildi.
   Foyedə “Azərbaycan Milli Naxışları” şirkətinin rəhbəri Əziz Əbdüləzizov tərəfindən Milli Azərbaycan Tarixi Muzeyinə hədiyyə edilən 20 Yanvar faciəsinə və Cənubi Azərbaycana həsr edilən xalça sərgilənmişdi. 
   Tədbirdə əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
   Muzeyin direktoru, akademik Nailə Vəlixanlı çıxış edərək 20 Yanvar faciəsini Azərbaycan xalqının istiqlal mübarizəsinin unudulmaz qəhrəmanlıq salnaməsi olduğunu bildirdi, faciənin tarixi kökləri, onu doğuran səbəblər barədə danışdı. Vurğuladı ki, 1990-cı il yanvarın 20-nə keçən gecə Bakıda törədilən qətliam yalnız Azərbaycan xalqına deyil, ümumbəşəri humanizmə qarşı törədilən cinayətdir. Akademik onu da diqqətə çatdırdı ki, 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra verildi. 
   Bilik Fondu Aparatının rəhbəri, professor İsaxan Vəliyev çıxışında bildirdi ki, 20 Yanvar Azərbaycan tarixinin qanlı səhifəsinə çevrilsə də, həm də xalqımızın qəhrəmanlıq ənənələrinə sadiqliyini, vətənin müstəqilliyi və azadlığı uğrunda canından keçməyə hazır olduğunu göstərdi. 
   Qara Yanvarın şahidi Elşən Əlizadə çıxış edərək faciə ilə bağlı xatirələrini bölüşdü. 20 Yanvar şəhidi Cəbrayıl Xanməmmədovun həyat yoldaşı Şövkət Xanməmmədova da xatirələrini danışdı, müəllifi olduğu “20-dən 20-yə” adlı kitabını muzeyə təqdim etdi. Sonra “Bilmədim” şeirini oxudu. 
   Tədbirin bədii hissəsində şairə Şəhla Gündüzənin şeirinə bəstəkar Əli Behbudzadənin bəstələdiyi “Güllərin mübarək” klipi nümayiş olundu. Sonra Bakı şəhər 2 saylı Texniki-humanitar elmlər liseyinin 6, 7 və 8-ci sinif şagirdlərinin ifasında “Tariximizin unudulmayan günü” kompozisiyası və “Ana, mən şəhid oldum” mahnısı təqdim olundu.
   
   Savalan Fərəcov