Kollektiv Təbrizdə “Ər və arvad” musiqili komediyasını iki dəfə nümayiş etdirib
Azərbaycan Dövlət Musiqili Teatrı İranda keçirilən 35-ci Fəcr Beynəlxalq Teatr Festivalında uğurla çıxış edib. Kollektiv festival çərçivəsində Təbrizdə Üzeyir Hacıbəylinin “Ər və arvad” musiqili komediyasını təqdim edib.
Teatrın mətbuat xidmətindən bildirilib ki, anşlaqla keçən tamaşa təqribən 20 ölkənin təmsil olunduğu festival iştirakçıları və yerli tamaşaçılar tərəfindən böyük maraq və rəğbətlə, sürəkli alqışlarla qarşılanıb. Təbrizli tamaşaçıların xahişi ilə istisna olaraq “Ər və arvad” tamaşası ikinci dəfə nümayiş olunub. Yaradıcı heyətin ruh yüksəkliyi ilə oynadığı səhnə əsəri yenə böyük coşquya səbəb olub.
Qeyd edək ki, “Ər və arvad” tamaşasının quruluşçu rejissoru Yusif Əkbərov, quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, səhnə tərtibatçısı Əməkdar rəssam Eldar Qurbanov, quruluşçu baletmeysterləri Yelena və Zakir Ağayevlər, xormeysteri Əməkdar artist Vaqif Məstanovdur. Rolları əməkdar artistlər Nahidə Orucova, Ələkbər Əliyev, Əkbər Əlizadə, aktyorlar Gülcahan Salamova, Möylə Mirzəliyev, Ağaxan Şərifov, Hüseyn Əlili və Əliməmməd Novruzov ifa ediblər.
Azərbaycan Dövlət Musiqili Teatrının 35-ci Fəcr Beynəlxalq Teatr Festivalında iştirakı uğurla yekunlaşıb.
“Kollektivimizin üç üzvü festivalın mükafatını qazandı. Əməkdar artistlər Nahidə Orucova “Ən yaxşı qadın rolunun ifaçısı”, Ələkbər Əliyev və Əkbər Əlizadə isə “Ən yaxşı kişi rolunun ifaçısı” nominasiyası üzrə qalib oldular. Mükafatlar təqdim olunarkən bütün zal ayağa qalxıb onları alqışlayırdı. Bu, bizə olan böyük sevginin göstəricisi idi. Sevinirəm ki, Musiqili Teatr 35-ci Fəcr Beynəlxalq Teatr Festivalında ölkəmizi layiqincə təmsil etdi”, - deyə teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev bildirib.