Xalqımızın qan yaddaşına çevrilən Qara Yanvar faciəsinin 27-ci ildönümü qeyd olunur. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordu hissələrinin Bakıda törətdiyi qətliam xalqımızı sındırmadı, gücümüzü, milli birliyimizi daha da möhkəmləndirdi.
   Azərbaycan tarixinə hüzn və fəxarət salnaməsi kimi yazılan o müdhiş gecədən illər ötdükcə bu mövzuda yeni-yeni əsərlər yaranır. 20 Yanvar mövzusunda bədii və sənədli filmlər, musiqi və rəsm əsərləri, memarlıq nümunələri yaradılıb. Həmin günlərdə kameranın yaddaşına köçürülənlər sənədli ekran əsərlərində geniş istifadə olunub.
   O dövrdə “Salnamə” sənədli filmlər studiyasının direktoru işləmiş kinorejissor, ssenarist, Xalq artisti Xamis Muradov həmin gecə baş verənlərin lentə alınmasını vətəndaşlıq borcu kimi dəyərləndirir: “Bu gün nümayiş olunan kadrlar fədakar kino işçilərinin əməyidir və həmin kadrlara görə heç kim özünü qəhrəman hesab etməməlidir. Bu bizim vətəndaşlıq borcumuz idi. Ölkədəki vəziyyətlə bağlı “Salnamə” studiyasının tərkibində xüsusi qərargah yaradılmışdı. Hər gecə bir nəfər növbətçi qalırdı. Çünki rayonlarla da əlaqələrimiz vardı. Bakıda hadisələr elə cərəyan etmişdi ki, artıq tanklar gəlib Biləcəri yaxınlığında dayanmışdılar. Həmin hadisə günü işdən evə gələndən sonra dostlar mənə zəng vurdular ki, qoşun bu gün şəhərə girəcək. Kinostudiyaya qayıtmalıydım. O vaxt Karl Marksın heykəli olan ərazidən keçəndə hərbçilər silahlardan işıqsaçan güllələr atmağa başladılar. Bir sözlə, güllə yağışının altında birtəhər studiyaya çatdıq. Demək olar ki, hamı yığışmışdı. Operatorlar qruplara bölünüb “Salyan kazarması”nın, Filarmoniyanın qarşısına, Biləcəriyə, indiki 20 Yanvar metro stansiyası istiqamətinə yollandılar. Əsgərlər studiyanın qabağında yanan lampaları daşla vurub söndürürdülər. Biz çəkilən materialları gizlədirdik. Çoxunu dostlarımın evində saxlayırdım”.
   Xamis müəllim deyir ki, sənədli kinonun əsas missiyalarından biri də fövqəladə vəziyyəti çəkib gələcək nəsillərə saxlamaqdır: “Vətənə hərə bir cür xidmət edir. “Salnamə” studiyası o vaxt bu sınaqdan üzüağ çıxdı. Bizim əməkdaşlar da öz borclarını belə yerinə yetirdilər. Həmin hadisədən 27 il keçir və xalqımızın bu ağrılı, hüznlü günü bizim nəslin yaddaşında böyük bir qüssə ilə xatırlanır”.
   Kinorejissor bildirir ki, o hadisədən ötən illər ərzində həmin lentlər əsasında “Azadlığa gedən yollar”, “Şəhidlərdən şəhidlərə”, “Qədirin sorağında”, “9 dəqiqə”, “Cənubda şimal küləyi” və s. ekran əsərləri çəkilib. Bu filmlər 20 Yanvar faciəsinin sənədli ekran yaddaşıdır.
   “Azadlığa gedən yollar” filmi C.Cabbarlının “1905-ci ildə” pyesindəki bir səhnə ilə açılır. Qubernator çarın portreti asılmış otaqda azərbaycanlılarla ermənilər arasında qırğın planları hazırlayır. Belə bir səhnədən sonra tamaşaçı Ermənistanda və Azərbaycanda soydaşlarımızın başlarına gətirilən faciələrlə tanış olur. 1990-cı il yanvarın 20-də Bakıda baş vermiş qanlı hadisələr və bundan sonrakı olaylar filmin əsas süjet xəttini təşkil edir.
   2001-ci ildə çəkilən “Şəhidlik zirvəsi” filmi də Qara Yanvar şəhidlərinə həsr olunub. Ekran əsərində 1828-ci ildən (Azərbaycanın Rusiya ilə İran arasında bölüşdürülməsindən) müasir dövrə qədər Azərbaycanda baş vermiş ictimai-siyasi hadisələr əksini tapıb. 
   “Cənubda şimal küləyi” 1990-cı ilin yanvarında Biləsuvar rayonunda baş vermiş olaylardan bəhs edir. Bu filmdə də arxiv materiallarından geniş istifadə edilib.
   “9 dəqiqə” və “Qədirin sorağında” kinolentlərində doğma ocaqlarından didərgin düşmüş Azərbaycan qaçqınlarının çətin güzəranı canlandırılıb. 
   “Qarabağ düyünü”, “Ömür qatarı”, “Vətən mənə oğul desə”, “İnama qayıdış”, “Qəsd”, “Xəzər köməyə çağırır”, “20 Yanvar faciəsi” və onlarca digər sənədli filmlərdə də əsasən el dərdi əks olunur, millətinə, xalqına qarşı haqsızlığa, günahsız insanların qətlinə yönələn neçə-neçə fəlakətli günlərə etirazlar, çağırışlar səslənir, xalqın qəhrəmanlıq ruhu, mübarizə əzmi nümayiş etdirilir. 
   Qara Yanvar hadisələrindən bəhs edən daha bir ekran işi rejissor Cahangir Zeynallının “20 Yanvar” sənədli filmidir. 1990-cı ilin oktyabrında ərsəyə gələn 1 saat 20 dəqiqəlik film bir sıra xarici ölkələrdə də nümayiş olunub.
   Son illər “Salnamə” studiyasında vətənpərvərlik mövzusunda yeni ekran əsərləri ərsəyə gətirilib. Bu sırada “Xatirələrdə yaşanan ömür”, “Vətən qeyrəti” və başqalarını qeyd etmək olar. 
   Onu da qeyd edək ki, şəhidlərin dəfn olunduğu gün çəkilən kadrlar da “Salnamə” studiyasının operatorlarının işidir. Bu hüznlü anları “Salnamə”nin operatorları Köçəri Məmmədov, Sərdar Vəliyev, Rafiq Quliyev, Rafiq Salamzadə, Nemət Rzayev, Kənan Məmmədov, Zaur Məhərrəmov və Nizami Abbas lentə alıb.
   “Salnamə” studiyasının direktor müavini Kamil Məmmədov studiyada bu gün də Azərbaycan tarixinin fərqli səhifələrinə həsr edilən ekran əsərlərinin istehsal olunduğunu deyir. Onun sözlərinə görə, bu silsilədən Milli Qəhrəmanlara həsr edilən filmlərlə yanaşı, 20 Yanvar faciəsindən bəhs edən bir neçə film Dövlət Film Fondunda saxlanılır: “İndi 27 il əvvəl lentə alınan həmin kadrlara baxdıqda o çətin zamanlarda operatorların SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin və sovet ordusunun təzyiqi altında necə böyük işlər gördüklərinin şahidi oluruq”.
   Bildirək ki, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və təşkilatçılığı ilə 20 Yanvar faciəsinə həsr olunmuş sərgi və anım mərasimləri, bu mövzuda müxtəlif səpkidə digər tədbirlər də “Salnamə” studiyası tərəfindən lentə alınır. Bütün bunlar gələcək nəsillərə yadigar qalan tarixi materiallardır. 
   Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsini əks etdirən ekran əsərləri heç vaxt öz əhəmiyyətini itirməyəcək. Əksinə, yeni nəsillərin şanlı keçmişimizlə bağlı məlumatlandırılmasına, onların iftixar hissi duymalarına vəsilə olacaq...
   
   Lalə Azəri