1990-cı il yanvarın 20-nə keçən gecə Bakıda “oğlan çağı”nı yaşayan qışın sükutunu sovet imperiyasının tanklarından, qana susamış əsgərlərin silahlarından açılan atəşin səsi pozdu. O qanlı gecədə günahsız insanlara qəddarcasına divan tutuldu. Ölkəsinin suverenliyi, xalqının azadlığı uğrunda ölümü gözə alan qeyrətli Vətən övladları humanist dəyərləri daim arxa planda tutan “zor aparatı”nın qarşısında misli görünməmiş dəyanət göstərdi... 
   Əslində 20 Yanvar faciəsinə qədər çox ciddi proseslər baş vermiş, mənfur ermənilərin şirnikləndirilməsi naminə böyük planlar cızılmışdı. Belə ki, 1987-ci ilin sonlarından ortaya atılan qondarma Dağlıq Qarabağ problemi xalqımız tərəfindən elə ilk günlərdən Azərbaycanın ərazi bütövlüyünə qarşı təcavüz kimi qəbul olunurdu. Sərhədlərimizin toxunulmazlığı müxtəlif səviyyəli dövlət qurumları tərəfindən rəsmən dəfələrlə təsdiq edilsə də, Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) Azərbaycanın tərkibindən çıxarılması məqsədini güdən siyasət mərhələ-mərhələ həyata keçirilirdi. 1988-ci ilin martında Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsi və SSRİ Nazirlər Soveti DQMV-nin sosial-iqtisadi inkişafının sürətləndirməsi haqqında xüsusi bir qərar qəbul edərək əslində Dağlıq Qarabağın Azərbaycan SSR-in tabeliyindən çıxarılmasının əsasını qoydu. Heç bir obyektiv əsasa istinad etməyən bu qərarla Dağlıq Qarabağa müstəsna hüquqlar verildi, külli miqdarda vəsait ayrıldı, vilayətin bir çox məsələlərinin həlli bir başa ittifaqın nazirlik və qurumlarına həvalə edildi. Təəssüf ki, Azərbaycan SSRİ Ali Soveti hələ də prosesləri düzgün qiymətləndirməkdə acizlik göstərirdi.
   DQMV-ni Azərbaycanın tabeliyindən çıxarmaq yolunda mərkəzin atdığı növbəti addım SSRİ Ali Soveti Rəyasət Heyətinin muxtar vilayətdə xüsusi idarəetmə forması yaratmaq haqqında 1989-cu il yanvarın 12-də verdiyi fərman oldu. Dağlıq Qarabağın idarə olunması mərkəzin nümayəndəsi A.İ.Volskinin başçılığı ilə yaradılmış xüsusi idarəetmə komitəsinə həvalə edildi. Bu, faktiki olaraq muxtar vilayətin Azərbaycan SSR-in tərkibindən çıxarılması demək idi.
   Növbəti mərhələdə atılan addımlar da mərkəzin Azərbaycana və azərbaycanlılara qarşı qərəzli münasibətini gözlər önünə sərirdi. 1988-ci ildə Ermənistan SSR-də, eləcə də DQMV-də soydaşlarımıza qarşı başlamış kütləvi etnik təmizləmə əməliyyatı vəziyyəti daha da acınacaqlı hala gətirmişdi. Mərkəzdə - Moskvada Azərbaycan xalqına qarşı hazırlanmış ssenari günahsız insanların qanı bahasına həyata keçirilirdi. SSRİ-nin rəsmi dövlət qurumları, hüquq-mühafizə orqanları və kütləvi informasiya vasitələri Dağlıq Qarabağ probleminə olduqca böyük diqqət yetirdiyi halda, o dövrdə Azərbaycanda hakimiyyətdə olanların bu məsələdə tutduğu laqeyd mövqe düşmən dəyirmanına su tökməkdən başqa bir şey deyildi.
   Ölkəmizə qarşı edilən bu haqsızlığa, soydaşlarımızın ata-baba yurdlarından didərgin salınmasına öz etiraz səsini qaldıran xalqımız küçə və meydanlara axışır, imperiyanın bu mürtəce siyasətinə kəskin etiraz edirdi. Rəsmi Moskva isə həyata keçirdiyi mənfur niyyətlərini ört-basdır etmək üçün hər cür vasitəyə əl atır, paytaxt Bakıda və digər böyük şəhərlərdə komendant saatı tətbiq edir, xalqın iradəsini qırmağa çalışırdı. 1989-cu ilin yayından etibarən Moskvanın Bakıya əlavə qoşun hissələri göndərməsi də böyük fəlakətin ayaq səsləri idi. İstintaq müəyyən etmişdir ki, 1990-cı il yanvarın ortalarında SSRİ Müdafiə, Daxili işlər nazirliklərinin, başqa xüsusi təyinatlı hərbi birləşmələrin 66 min nəfərdən çox əsgər və zabiti Bakıya gətirilərək yerləşdirilmişdi. Azadlıq eşqi ilə yanan xalqa divan tutmaq üçün bütün ssenarilər tamamlanmışdı...
   Nəhayət, sovetlərin ermənipərəst rəhbəri Mixail Qorbaçov 1990-cı il yanvarın 19-da Bakıda fövqəladə vəziyyət tətbiq edilməsi haqqında fərman imzaladı. Həmin gün “Alfa qrupu” və respublika Dövlət Təhlükəsizlik Komitəsinin rəhbərliyi tərəfindən təşkil edilən əməliyyat nəticəsində Azərbaycan Televiziyasının enerji bloku partladıldı ki, Bakıda fövqəladə vəziyyət elan edilməsi və qoşunların şəhərə girməsi barədə əhaliyə rəsmi məlumat çatdırılmasın. Fövqəladə vəziyyətin yanvarın 20-də saat 24:00-da tətbiq edilməsi qərarlaşdırılsa da, qoşun hissələri yanvarın 19-da saat 21-dən etibarən Türkan-Qala tərəfdən atəş aça-aça şəhərə yeridilmişdi. Fövqəladə vəziyyət haqqında rəsmi məlumat komendant Dubinyak tərəfindən səhər saat 7-də elan edilənədək hərbçilər 100-dən çox Azərbaycan vətəndaşını qətlə yetirmişdi... 
   O qanlı gecədə xalqımıza qarşı ümumbəşəri, insani dəyərlərə sığmayan vəhşiliklər törədildi. Hətta yaralıları daşıyan təcili tibbi yardım maşınlarına belə atəş açıldı. Qanlı Yanvarda 147 nəfər dinc insan qətlə yetirildi, 744 nəfər yaralandı, 850-yə yaxın soydaşımız qanunsuz həbs edildi. Saxlanılanlardan 112 nəfəri SSRİ-nin müxtəlif şəhərlərindəki həbsxanalarında yerləşdirilərək işgəncələrə məruz qaldı. 
   Yanvarın 21-də görkəmli dövlət xadimi, ümummilli lider Heydər Əliyev həyatını böyük təhlükə qarşısında qoyaraq ölkəmizin Moskvadakı daimi nümayəndəliyinə gələrək Azərbaycan xalqına qarşı edilən bu hərbi təcavüzü qətiyyətlə pislədi. Bu qanlı faciənin məsuliyyətini o dövrkü SSRİ və Azərbaycan rəhbərlərinin daşıdığını bildirdi və əliqanlı qoşun birləşmələrinin Bakıdan çıxarılmasını tələb etdi... 
   Hadisələrin gedişinə nəzər salsaq görərik ki, 20 Yanvar qırğınından sonra o zamankı respublika prokurorluğu cinayət işi açmamış, təxirəsalınmaz mümkün istintaq hərəkətləri aparılmasını təmin etməmişdir. Həmin qanlı qırğınlarla əlaqədar cinayət işi təxminən iki il sonra - 1992-ci il fevralın 14-də başlamışdır. O dövrdə yaradılan deputat istintaq komissiyası da faciəyə hüquqi-siyasi qiymət verilməsini təmin edə bilməmişdir. 
   Yalnız böyük siyasətçi Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra bu məsələ yenidən gündəmə gəldi. Onun təşəbbüsü ilə 29 mart 1994-cü ildə Milli Məclis 1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında qərar qəbul etdi. Ulu öndərin təşəbbüsü ilə Şəhidlər xiyabanında böyük bir xatirə abidəsi ucaldıldı.
   Bəzilərinə görə, 20 Yanvarda baş verənlər faciə, kimisinə görə isə qəhrəmanlıq salnaməsidir. Həqiqətən də, o qanlı-qadalı gecədə yaşananlar xalqımızın iradəsini sarsıda bilmədi. Əksinə, müstəqillik yolunda əzmimizi, mübarizə ruhumuzu daha da qüvvətləndirdi.
   
   Tural Bayramov 
   Ağcabədi Rayon Notariat Kontorunun notariusu