Ankarada Banqladeşin tanıtım günündə islam coğrafiyasındakı münaqişələrdən də bəhs edildi
   
   Yanvarın 14-də Ankarada Yerli Düşüncə Dərnəyi tərəfindən Banqladeşin tanıtım günü təşkil olundu. Tədbirdə dərnəyin fəxri sədri, Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu, dərnəyin sədri Mətin Gündoğdu, Türkiyədə təhsil alan xarici tələbələr iştirak edirdi. 
   Mərasimdə Banqladeşin tarixi haqqında məlumat verildi, görməli yerləri, turizmi, mədəniyyəti, mətbəxi haqqında slayd-şou nümayiş etdirildi. Banqladeş milli rəqsləri və nəğmələri ifa edildi. 
   Mərasimdə çıxış edən Y.Topçu türk xalqının tarixən müxtəlif xalqlara qucaq açdığını, yaşadığı coğrafiyada sülh və əməkdaşlığa töhfə verdiyini vurğuladı, bu gün Türkiyə dövlətinin üzləşdiyi çətinliklərdən bəhs etdi.
   Çıxışında Qarabağ münaqişəsinə də toxunan Y.Topçu Xocalı soyqırımının dünyanın gözü qarşısında baş verdiyini dedi. “Xocalıda soyqırımı törədənlər bunun hesabını verməlidirlər”, - deyən Y.Topçu bu gün Türkiyəni uydurma soyqırımında günahlandırmağa çalışanların islam coğrafiyasında qan tökməyə, müsəlmanların yaşadığı yerləri yaşanmaz hala gətirməyə davam etdiklərini vurğuladı: “Bütün dünyanın gözü önündə Qarabağda alçaq, zalım bir erməni işğalı davam edir. Bunu əsla qəbul etməyəcəyik və yüksək səslə qışqıracağıq, bütün beynəlxalq təşkilatlarda bundan sonra da dilə gətirəcəyik”. 
   Türkiyənin güclü olmasının bütün bu coğrafiyanın güclü olması demək olduğunu vurğulayan Y.Topçu “Türkiyə Türkiyədən böyüdür. Çünki biz bilirik ki, Ankara üçün 160 milyonluq Banqladeşdə dua edən qardaşlarımız var”, - dedi. 
   M.Gündoğdu isə öz çıxışında bu cür tədbirlərin xalqlar arasında dostluq və qardaşlığı daha da gücləndirdiyini diqqətə çatdırdı. 
   Mərasimdə xarici tələbələrə göstərdikləri dəstəyə, ölkələrarası qardaşlığın gücləndirilməsində səylərinə görə Yerli Düşüncə Dərnəyinin fəxri prezidenti Y.Topçu və dərnək sədri M.Gündoğduya plaketlər təqdim edildi.
   
   Mehparə