Ölkəmizin Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində 20 Yanvar faciəsinin ildönümü ilə bağlı anım mərasimi keçirilib.
Mərasim iştirakçıları əvvəlcə 20 Yanvar, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən bəhs edən kitab sərgisi və Mədəniyyət Mərkəzinin rəsm dərnəyi şagirdlərinin "20 Yanvar faciəsi uşaqların gözü ilə" rəsm sərgisi ilə tanış olublar.
Səfir Hüseyn Quliyev çıxış edərək 20 Yanvarın səbəbləri və nəticələri haqqında məlumat verib. “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinov sovet imperiyasının Bakıda törətdiyi qanlı qırğının təşkilatçılarını lənətləyib.
Tədbirdə Qara Yanvardan bəhs edən sənədli film nümayiş etdirilib. Özbəkistan Milli Konservatoriyasının kamera orkestri konsert-rekviyem təqdim edib.