Yanvarın 27-də Azərbaycan Milli İncəsənət Muzeyində gənc rəssamların sənət əsərlərindən ibarət “Reinkarnasiya” adlı sərgi açılacaq.
Muzeydən bildirilib ki, sərgi sənət ocağının 80 illik yubileyi çərçivəsində Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə reallaşacaq. Sərgidə müasir Azərbaycan rəssamlarının muzeyin fonduna daxil olan və stasionar ekspozisiyada təqdim edilən məşhur rəssam və heykəltəraşların əsərləri əsasında yaratdıqları “reinkarnasiya” (ruhun yenidən qayıdışı) olunmuş avanqard üslublu əsərlər nümayiş olunacaq.
Qeyd edək ki, Milli İncəsənət Muzeyində “Reinkarnasiya” layihəsi üzrə ilk sərgi ötən ilin mayında keçirilmişdi. Vernisajda rəssamlar Elşən Sərxanoğlu, Məmməd Rəşidov, Vüqar Quliyev, Aydın Əsgərov, Elşən Qaraca, Emin Qəhrəmanov tərəfindən 15-dək rəngkarlıq və 5 heykəltəraşlıq əsəri yeni interpretasiyada, müasir baxış konteksində sərgilənəcək. Əsas kimi götürülən əsərlərin müəllifləri arasında dünya incəsənətinin Yan Stik, Jan Fraqonar, Pyotr Vereşşagin, Cozef Bernar və Fransua Larşe kimi klassikləri və dünya təsviri incəsənətinin digər görkəmli nümayəndələri var. Layihə ənənə halını alaraq paytaxtın digər muzeylərində də keçiriləcək.